2-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 49, 3. 5-6 https://principlesforlifeministries.files.wordpress.com/2014/07/stdas0374.jpg

Rəbb mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». Rəbb məni qulu etmək üçün ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, qüdrətim Allahım oldu. Rəbb indi belə deyir. O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».

Z 40, 1.3.7-10

Nəqarat: Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir.

Rəbbi səbr edərək gözlədim, mənə tərəf dönərək fəryadımı eşitdi. Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim.

Qurbandan, təqdimdən xoşun gəlmədi, yandırma qurbanı, günah qurbanı tələb etmədin,

amma mənim qulağımı açdın. O zaman dedim: «Budur, gəlmişəm.

Sənin tumarında məndən yazılıb, ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, Qanunun qəlbimdədir.

Böyük toplantıda salehliyini car çəkdim,

ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.

1Kor 1, 1-3

Allahın iradəsi ilə Məsih İsanın həvarisi olmağa çağırılmış mən Pauldan və qardaşımız Sostendən Allahın Korinfdə olan imanlı cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun.

Yəh 1, 29-34

Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur!“ Məndən sonra bir Adam gəlir ki, məndən üstündür, çünki məndən əvvəl mövcud idi” deyib haqqında danışdığım Adam budur. Mən Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».

Comments are closed.