3-cü Rəbb günü Adi dövrdə “A”ili

Yeş 8, 23b – 9, 3 http://2.bp.blogspot.com/-u6a0QDHe_Lc/Txl_Ge8FKRI/AAAAAAAAD3s/q2Mmz6zs2OE/s1600/fishers-on-men.jpg

Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq. Keçmişdə Zevulun və Naftali bölgələri alçaldılsalar da, gələcəkdə dənizkənarı yolu, İordan çayının o biri tayı və müxtəlif millətlər yaşayan Qalileya şərəfə çatacaq.

Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu.

Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, Qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər.

Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi.


Z
27, 1. 4. 13-14

Nəqarat: Rəbdir nurum, qurtuluşum!

Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, mən kimdən vahimələnim?

Rəbdən bir arzum, bir istəyim var: bütün ömrüm boyu Rəbbin evində yaşayım, məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim.

Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, buna şübhəm yoxdur.

Rəbbə ümid bağla! Cəsarətli və möhkəm ol! Rəbbə ümid bağla!

1 Kor 1, 10-13. 17

Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin. Qardaşlarım, Xloinin evindəkilərindən aranızda münaqişələr olduğunu öyrəndim. Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollosun ardıcılıyam», «mən Peterin ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir. Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmıxa çəkilən Paul idi? Məgər siz Paulun adı ilə vəftiz edildiniz? Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxdakı ölümü boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram.


Mt 4, 12-23

İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. Nazaretdən çıxıb Zevulun və Naftali ərazisində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə oldu: «Zevulun və Naftali bölgələri, dəniz kənarı yolu, İordan çayının o biri tayı, müxtəlif millətlər yaşayan Qalileya – Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu». O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Səltənət yaxınlaşıb».

İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». Onlar dərhal toru kənara atıb Onun ardınca getdilər. İsa oradan irəli gedib başqa iki qardaşı, Zebedeyin oğulları Yaqub və Yəhyanı gördü. Onlar ataları Zebedeylə birlikdə qayıqda torlarını düzəldirdi. İsa onları çağırdı. Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdi.

Comments are closed.