5-ci Rəbb günü Adi dövrdə A ili

Yeş 58,7-10 https://i1.wp.com/www.courageouschristianfather.com/wp-content/uploads/2013/06/salt-and-light1.png?fit=200%2C317

Yediyiniz çörəyi acla bölüşdürmək, yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? Onda nurunuz şəfəq kimi saçacaq, tezliklə şəfa tapacaqsınız, qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq. O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, yəni başqalarına zülm etməyinizi aranızdan rədd etsəniz, barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, can-dildən acların qayğısına qalsanız, fəqirlərin ehtiyaclarını ödəsəniz, nurunuz qaranlıqda parlayacaq, qaranlığınız günorta işığı kimi nur saçacaq.

Zəbur 112

Nəqarat: Rəbbə həmd edin

Nə bəxtiyardır Rəbdən qorxan, əmrlərindən zövq alan insan!
Nəsli yer üzündə güclü olacaq, əməlisalehlərin övladları xeyir-dua alacaq.

Evindən bolluq və sərvət əskilməz, salehliyi əbədi qalar.
Zülmətdə belə, əməlisaleh insanlar üçün, lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.

Səxavətlə borc verən, işlərini ədalətlə görən yaxşı insandır.
Belə adam əsla sarsılmaz, saleh insan əbədi olaraq yadda qalacaq.

Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, cəsur ürəklidir,
düşmənlərinin süqutunu görənədək qorxmaz.

Səpələyər, fəqirlərə paylayar, salehliyi əbədi qalar, qüdrəti və hörməti ucalar.
Pis adamsa bunu görüb qəzəblənər, dişlərini qıcıdar, yanıb-tökülər, pislərin arzusu puç olar.

1 Kor 2, 1-5

Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim. Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım. Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim. Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.

Mt 5, 13-16

Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.

Comments are closed.