7-ci Rəbb günü Adi dövrdə A ili

Levililər 19, 1-2. 17-18 

Rəbb Musaya dedi: «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm. Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən. Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. RəbbMənəm. 

Zəb 103, 1-2. 3-4. 8+10. 12-13

Nəqarat: Rəbb lütfkar və rəhmlidir.

Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları:

Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan.

Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir. Bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz.

Nə qədər şərq qərbdən uzaqdırsa, asiliklərimizi bizdən o qədər uzaqlaşdırıb.

Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.

1 Kor 3, 16-23

Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır? Kim Allahın məbədinə ziyan vursa, Allah da ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz. Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun. Çünki bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır. Necə ki yazılıb: «O, müdrikləri hiylə qurarkən yaxalayır». Yenə də yazılıb: «Rəbb müdriklərin düşüncələrini və bunların boş olduğunu bilər». Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir. İstər Paul, istər Apollos, istər Peter olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir. Siz isə Məsihinsiniz, Məsih də Allahındır.

Mt 5, 38-48

İsa şagirdlərinə dedi: “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm ki, pis olana pisliklə cavab vermə. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Səni məhkəməyə verib köynəyini istəyənə üst paltarını da ver. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.

Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Beləliklə, qoy siz göylərdə olan Atanızın oğulları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur. Yağışını isə həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər siz yalnız sizi sevənləri sevirsinizsə, artıq nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər siz yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər da belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.

Save

Comments are closed.