8-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 49, 14-15 

Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu».

Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram. 

Zəb 62, 2-3. 6-7. 8-9b

Nəqarat: Susan qəlbim yalnız Allahı gözləyir.

Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum.

Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram.

Ey qəlbim, sükutla Allahı gözlə, çünki ümidim Ondadır.

Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram.

Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır.

Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb boşalt.

1 Kor 4, 1-5

Beləcə insanlar bizi Məsihin xidmətçiləri və Allahın sirli niyyətini yerinə yetirən idarəçiləri saysın. Idarəçilərdən isə tələb olunur ki, etibara layiq olsunlar. Siz, yaxud insan məhkəməsi mənim işlərimi təhlil edirsə, bu mənim üçün çox az əhəmiyyət kəsb edir; hətta mən öz işlərimi təhlil etmirəm. Heç bir şeyə görə vicdan əzabı çəkməsəm də, beləcə özümə haqq qazandırmıram. Çünki mənim işlərimi təhlil edən Rəbdir. Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir hökm çıxarmayın. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq.

Mt 6, 24-34

İsa şagirdlərinə dedi: Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib, o birini sevəcək ya da birinə bağlı qalıb, o birinə isə xor baxacaq. Siz həm Allaha, həm də var-dövlətə qulluq edə bilməzsiniz.

Buna görə sizə deyirəm: nə yeyəcəksiniz və nə içəcəksiniz deyə canınızın, nə geyəcəksiniz deyə bədəninizin qayğısına qalmayın. Can yeməkdən və bədən geyimdən daha vacib deyilmi? Göydə uçan quşlara baxın. Onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayırlar. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq uzada bilər? Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür. Nə zəhmət çəkirlər, nə də ip əyirirlər. Lakin sizə bunu deyirəm ki, bütün cah-cəlalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.

Ey imanı az olanlar, bu gün olub, sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, gör sizi necə geyindirəcək.

Beləliklə, “nə yeyəcəyik”, “nə içəcəyik” və ya “nə geyəcəyik” deyə qayğı çəkməyin.

Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. Ona görə də siz əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz hökmü var.

Save

Comments are closed.