1-ci Rəbb günü Oruc dövründə “A” ili

Yaradılış 2, 7-9; 3, 1-7a http://media02.radiovaticana.va/photo/2016/02/09/RV13176_Articolo.jpg

Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi. Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər.

Z 51, 1-2, 3-4a, 10-11, 12+15.

Nəqarat: Ey Allah, bizə rəhm et, çünki günah işlətmişik.

Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.

Təqsirimi tamamilə yu, günahımdan məni təmizlə.

Çünki qanunsuzluqlarımı bilirəm, günahım daim gözümün qarşısındadır.

Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, gözündə pis sayılanı etmişəm.

Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver.

Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.

Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol.

Ey Xudavənd, Sən dilimi aç, ağzımla Sənə olan həmdlərimi bəyan edim.

Rom 5, 12-19

Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi. Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır. Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın*n3 əvvəlcədən göstərilən təsviri idi. Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi. Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi. Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək. Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi. Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.

Mt 4, 1-11

Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.

Save

Save

Comments are closed.