2-ci Rəbb günü Oruc dövründə “A” ili

Yarad 12, 1-4a 

Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. 

Z 33, 4-5. 18-19. 20+22

Nəqarat::Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, məhəbbətin üzərimizdən tükənməsin.


Rəbbin sözü haqdır, hər işini sədaqətlə aparır.

Rəbb salehliyi və ədaləti sevir, yer üzü Onun məhəbbəti ilə dolur.


Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.

İstəyir ki, onları ölümdən qurtarsın, qıtlıqda belə, onlar sağ qalsın.

Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz.

Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, məhəbbətin üzərimizdən tükənməsin.

2 Tim 1, 8b-10

Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əziyyətə döz. Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib, müqəddəs olmağa dəvət etdi. O lütf bizə İsa Məsih vasitəsilə əzəldən bəri verilib indi isə Xilaskarimiz İsa Məsihin zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.

Mt 17, 1-9

Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam, Ona qulaq asın!» Şagirdlər bunu eşidəndə üzüstə yerə yıxıldılar və onları böyük dəhşət bürüdü. İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. Onlar da başını qaldıranda İsadan başqa kimsəni görmədilər. Dağdan enərkən İsa şagirdlərinə tapşırdı: «Bəşər Oğlu ölülərdən dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin».

Comments are closed.