3-cü Rəbb günü Oruc dövründə “A” ili

Çıxış 17, 3-7 

Xalq orada olanda susamışdı. Ona görə də Musanın əlindən deyinib dedi: «Axı niyə bizi Misirdən çıxartdın? Bu bizi, oğullarımızı və heyvanlarımızı susuzluqdan öldürmək üçündürmü?»

Musa Rəbbə fəryad edib dedi: «Axı mən bu xalq ilə nə edim? Bir az da keçsə, məni daşqalaq edəcəklər». 

Rəbb Musaya dedi: «Xalqın qarşısına çıx. Özünlə bərabər bir neçə İsrail ağsaqqalı götür. Nil çayına vurduğun əsanı əlinə alıb irəli get. Orada – Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi.

Musa o yeri Massa və Meriva adlandırdı, çünki orada İsrail övladları münaqişə etmişdilər və «görəsən Rəbb aramızdadır ya yox» deyə Rəbbi sınamışdılar.

Z 95, 1-2. 6-7. 8-9

Nəqarat: Ey Rəbb, qoy ürəklərimiz inadkar olmasın, amma Sənin dediyini eşidək.

Gəlin Rəbbi mədh edək, bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək.

Şükür edərək hüzuruna gedək, cuşa gəlib ilahilərlə Ona nida edək!

Gəlin Ona səcdə edək, əyilək, bizi yaradan Rəbbin hüzurunda diz çökək.

Çünki O, Allahımızdır, biz Onun otlağının xalqıyıq, əlinin altındakı sürüsüyük.

Kaş ki bu gün dediyini eşidəydiniz:

Qoy ürəkləriniz Merivada olduğunuz kimi, səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın. Orada atalarınız Məni sınadılar, əməllərimi görsələr də, Məni yoxladılar.

Rom 5, 1-2. 5-8

Beləliklə, imana əsasən saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik. Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb. Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. Çətin işdir ki, kimsə saleh bir adamın uğrunda ölsün; bəlkə də yaxşı bir adamın uğrunda kimsə ölməyə cəsarət edər. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.

Yəh 4, 5-42

İsa Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Suxar adlanan şəhərinə gəldi. Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi.

Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Necə Sən məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmirdi.

İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi».

Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərin. Bəs o həyat suyunu haradan alacaqsan? Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?»

İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir çeşməyə çevriləcək».

Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim».

İsa qadına «get ərini çağır və buraya gəl» dedi.

Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «Ərinin olmadığını düz söylədin, çünki beş dəfə ərə getmisən, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin».

Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. Bizim atalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir».

İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdən gəlir. Artıq o zaman gəlir və hətta gəldi ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət edəcək. Çünki Ata Özünə belə ibadət edənlər axtarır. Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir».

Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək».

İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm».

Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə təəccübləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi.

Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldi. Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birlərindən soruşdular.

İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. Mən sizi üstündə zəhmət çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». «Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. Daha çox adam da İsanın sözünə görə iman etdi. Onlar qadına deyirdi: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur».

Comments are closed.