4-cü Rəbb günü Oruc dövründə “A” ili

1 Şam 16, 1b. 6-7. 10-13a 

Rəbb Şamuelə dedi:

Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli Yesseyin yanına göndərirəm. Çünki onun oğulları arasında özüm üçün padşah təyin etmişəm».

Onlar gələrkən Şamuel Eliava baxıb dedi: «Doğrudan da, Rəbbin məsh etdiyi Rəbbin qarşısındadır!»

Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar». 

Yessey isə oğlanlarının yeddisini Şamuelin qarşısından keçirdi. Şamuel Yesseyə dedi: «Rəbb bunları seçmədi». Sonra Yesseydən soruşdu: «Oğlanlarının hamısı budur?» Yessey cavab verdi: «Lap kiçiyi də var, odur, qoyun otarır». Şamuel Yesseyə dedi: «Bir nəfər göndər, qoy o da buraya gəlsin. Çünki o buraya gəlməsə, biz süfrəyə oturmayacağıq».

Yessey adam göndərib onu içəri gətirtdi. Oğlan alyanaq, gözləri gözəl, üzü göyçək idi. Rəbb Şamuelə dedi: «Dur, onu məsh et, çünki seçilmiş budur».

Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi.

Z 23, 1-3a. 3b-4. 5. 6

Nəqarat: Rəbb mənim çobanımdır, möhtac olmaram.

Rəbb mənim çobanımdır, möhtac olmaram.

O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir.

Məni yenə də canlandırır,

İsmi şərəfinə salehlik yolu ilə aparır.

Qaranlıq dərədə gəzsəm belə, şərdən qorxmaram,

çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.


Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan,

başıma ətirli yağ çəkirsən, ağzınadək camımı doldurursan.


Bəli, bütün həyatım boyu yaxşılıq, məhəbbət məni izləyir.

Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!

Ef 5, 8-14

Siz də bir zamanlar zülmət, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.

Çünki nurun bəhrəsis hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. Çalışın, Rəbbi razı salan şeyləri öyrənəsiniz, qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, onları üzə çıxarın. Çünki qaranlıqdakıların gizlincə etdikləri şeyləri söyləmək də ayibdir. Nurun üzə çıxardığı hər şey aşkardır, bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir: «Ey yatan, oyan və ölülər arasından diril! Məsih sənin üçün nur saçacaq».

Yəh 9, 1-41

İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə o kor doğuldu. Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. Dünyada olduğum müddətdə dünyanın Nuru Mənəm». Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü. Sonra ona dedi: «Get, Şiloah (tərcüməsi “göndərilmiş” deməkdir) hovuzunda yuyun». O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. Qonşuları və onu əvvəllər bir dilənçi kimi tanıyanlar deyirdi: «Əvvəllər oturub dilənən adam bu deyilmi?» Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi. Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular. O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı». Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.

Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar. İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi. Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdu. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm». Bunu eşidib fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü. Onda yenə kor adamdan soruşdular: «Bəs sən bu Adam barədə nə deyirsən? Axı O sənin gözlərini açdı». Kor adam «O, peyğəmbərdir» dedi. Yəhudi başçıları gözləri açılmış adamın ata-anasını çağırmayınca onun kor olub gözləri açıldığına inanmadılar.

Ata-anasından soruşdular: «Kor doğulduğunu söylədiyiniz oğlunuz budurmu? Elə isə necə olur ki, indi görür?» Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və anadan kor doğulub. Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Ondan soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın». Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu açıq söyləyən hər kəs sinaqoqdan qovulsun. Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, ondan soruşun» dedi.

Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik». O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm». Ondan soruşdular: «O sənə nə etdi? Gözlərini necə açdı?» Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq asmadınız. Bunu niyə yenə eşitmək istəyirsiniz? Yoxsa siz də Onun şagirdi olmaq istəyirsiniz?» Onu söyüb dedilər: «Onun şagirdi sənsən, biz isə Musanın şagirdləriyik. Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamın isə haradan gəldiyini bilmirik». O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı. Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin Allaha hörmət edib Onun iradəsinə əməl edən adama O qulaq asır. Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. Əgər bu Adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi». Onlar o adama cavab verdi: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar.

O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman edirsənmi?»

O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?»

İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur». O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi. İsa dedi: «Hökm etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun». Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular. İsa onlara dedi: «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır.

Comments are closed.