5-ci Rəbb günü Oruc dövründə “A” ili

Yez 37, 12b-14 

Xudavənd Rəbb belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb sizi oradan çıxaracaq və İsrail torpağına gətirəcəyəm.

Ey xalqım, Mən qəbirlərinizi açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm.

Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir». 

Z 130, 1-2. 3-4. 5-7a. 7b-8

Nəqarat : Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var.

Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm.

Ey Xudavənd, səsimi eşit, yalvarış səsimi yaxşı dinlə.

Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsaydın, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?

Amma Sən bağışlayansan, ona görə hamı Səndən çəkinir.

Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm.

Keşikçilər səhərin açılmasını gözlər, bəli, keşikçilər səhərin açılmasını gözlər, qəlbim isə bundan da çox Xudavəndin həsrətini çəkər.

Ey İsrail, Rəbbə ümidini bağla!

Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var.

Ey İsrail, O səni bütün təqsirlərindən azad edər!

Rom 8, 8-11

Həmçinin cismani təbiətin hökmündə olanlar Allahı razı sala bilməz. Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətin hökmündə deyil, Ruhun hökmündəsiniz. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil. Əgər Məsih sizdədirsə, bədəniniz günah üzündən ölü, ruhunuzsa salehlik üzündən diridir. Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək.

Yəh 11, 1-45

Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. Bu həmin Məryəm idi ki, Rəbbin üzərinə ətirli yağ töküb ayaqlarını saçları ilə siləcəkdi. Xəstələnən Lazar onun qardaşı idi. Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allahın Oğlunun bununla izzət qazanması olacaq». İsa Martanı, onun bacısını və Lazarı sevirdi. Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. Şagirdlər Ona dedi: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etmək istəyirdi. Sən yenə də oraya qayıdırsan?» İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın işığını görür. Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində işıq yoxdur». İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm». Onda şagirdlər Ona dedi: «Əgər uyuyubsa, sağalacaq». İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. Onda İsa onlara açıqca dedi: «Lazar ölüb. Mən də sizin iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək». «Əkiz» adlanan Toma o biri şagirdlərə dedi: «Biz də gedək, Onunla ölək». İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. Bet-Anya Yerusəlimdən on beş stadi məsafəsində idi.

Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. Ancaq bilirəm ki, Sən indi də Allahdan nə istəsən, O Sənə verəcək». İsa ona «qardaşın diriləcək» dedi. Marta Ona dedi: «Bilirəm ki, son gündə hamı diriləndə o da diriləcək». İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna iman edirsənmi?» Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, iman etmişəm ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən». Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır və səni çağırır». Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, qəbrin yanında ağlamaq üçün oraya gedir. Buna görə də onun ardınca getdilər. Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına qapanıb Ona dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və ürəyi çox sıxıldı. İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər. İsa ağladı. Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər. Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?» O zaman İsa yenə əhvalı pozulmuş halda qəbrin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür». İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» Beləcə daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə iman etsinlər». Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi. Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi.

Comments are closed.