6-cı Rəbb günü Oruc dövründə: İsa Məsihin Yerusəlimə giriş

Mt 21, 1-11 

Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdini göndərərək onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin. Əgər sizə bir şey deyən olsa, “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz». Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə oldu: «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O təvazökardır və bir eşşəyə – eşşəyin balası olan sıpaya minib gəlir”». Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin adı ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!» İsa Yerusəlimə çatdığı zaman bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».

Yeşaya 50, 4-7

Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim.

Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, üzümü, saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim.

Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm.

Z 22, 8-9. 17-18a. 19-20. 23-24

Nəqarat : Ey Allahım, Allahım, niyə məni tərk etdin?

Məni hər görən lağ edir, dodaq büzüb, başını yırğalayıb belə deyir:

«Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».

Şər insanlar dəstəsi məni dövrəyə aldı, it sürüsü kimi yan-yörəmi bürüdülər, ayaqlarımı, əllərimi deşdilər.

Sümüklərimi saya bilirəm, onlar baxırlar, gözlərini mənə zilləyirlər!

Aralarında paltarlarımı bölüşdürürlər, geyimim üçün püşk atırlar.

Ya Rəbb, uzaq durma, ey mənim Qüdrətlim, tez dadıma çat!


İsmini soydaşlarıma elan edəcəyəm, toplantı arasında Sənə həmd söyləyəcəyəm:

«Siz ey Rəbdən qorxanlar, Ona həmd edin, ey bütün Yaqub nəsli, Onu şərəfləndirin, siz ey İsrail nəsli, Ona ehtiram edin!

Flp 2, 6-11

Allah surətində olduğu halda O, Allahla bərabərliyi istifadə edəcəyi bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıxa çəkilərək ölümə qədər itaətkarlıq göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona bütün adlardan ali bir adı bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti naminə İsa Məsihin Rəbb olduğunu bəyan etsin.

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin Əzabları və Ölümü (Matta 26, 14 – 27, 1-66)

O: Oxuyucu

İ: İsa

H: Həvvarilər

P: Pilat

Xq: Xalq

B: Baş kahin

O: O zaman Onikilərdən Yəhuda İskaryot adlanan biri baş kahinlərin yanına gedib dedi:

H: «Onu ələ versəm, mənə nə verərsiniz?»

O: Onlar da Yəhudaya otuz gümüş təklif etdilər.

O vaxtdan İsanı ələ vermək üçün Yəhuda fürsət axtarırdı. Mayasız çörək bayramının birinci günündə şagirdlər İsanın yanına gəlib dedilər:

H: «Pasxa yeməyi üçün harada hazırlıq görməyimizi istəyirsən?»

O: O da dedi:

İ: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: Vaxtım yaxındır, şagirdlərimlə bərabər pasxanı sənin evində icra edəcəyəm.”»

O: Şagirdlər İsanın onlara əmr etdiyi kimi etdilər; pasxanı hazırladılar. Axşam düşəndə, İsa on iki şagirdi ilə yeməyə oturdu. Onlar yemək yeyərkən İsa dedi:

İ: «Sizə doğrusunu deyirəm: Sizlərdən biri Məni ələ verəcəkdir.»

O: Onlar da çox kədərlənib hər biri Ona:

H«Ya Rəbb, mənmi?» – deməyə başladı.

O: O, cavab verib dedi:

İ: «Əlini Mənimlə bərabər boşqaba batıran, Məni ələ verəcəkdir. İnsan Oğlu, Özü haqqında yazıldığı üzrə gedir. Amma vay o adamın halına ki, İnsan Oğlu onun vasitəsi ilə ələ verilir! O adam heç anadan olmasaydı, onun üçün daha yaxşı olardı.»

O: Onu ələ verən Yəhuda söz alıb dedi:

H: «Rəbb! Mənmi?»

O: İsa da ona dedi:

İ: «Sən dediyin kimidir», – dedi.

O: Onlar yemək yeyərkən, İsa çörək götürdü, şükr duası edib, onu parçaladı və şagirdlərə verib, dedi:

İ: «Alın, yeyin! Bu Mənim bədənimdir.»

O: Bir kasa da götürüb şükür etdi və onlara verərək dedi:

İ: «Bundan hamınız için! Çünki bu, Mənim qanım, günahların bağışlanması üçün bir çoxları uğrunda tökülən Əhdi-Cədidin qanıdır. Mən sizə deyirəm: Atamın Səltənətində sizinlə bərabər təzə şərab içəcəyim günə qədər, meynənin bu məhsulundan artıq içməyəcəyəm.»

O: Və onlar dini mahnı oxuduqdan sonra çıxıb Zeytun dağına doğru getdilər.

O zaman İsa onlara dedi:

İ: «Bu gecə hamınız Məndən dönəcəksiniz; çünki yazılmışdır: “Çobanı vuracağam və sürünün qoyunları dağılacaq. “Amma Mən dirildikdən sonra, Qalileyaya sizdən qabaq gedəcəyəm.»

O: Peter isə Ona cavab verib dedi:

H: «Hamı Səndən dönsə də, mən əsla dönməyəcəyəm.»

O: İsa ona dedi:

İ: «Sənə doğrusunu deyirəm: Bu gecə xoruz banlamazdan qabaq, sən Məni üç dəfə inkar edəcəksən.»

O: Peter Ona dedi:

H: «Mənə Səninlə bərabər ölmək lazım gəlsə belə, Səni əsla inkar etməyəcəyəm.»

O: Şagirdlərin hamısı da elə dedilər.

Sonra İsa onlarla bərabər Getsamani adlanan bir yerə gələrək, şagirdlərinə dedi:

İ: «Mən oraya gedib, dua edərkən, siz burada oturun.»

O: Peter ilə Zevedeyin iki oğlunu Özü ilə götürdü və kədərlənib dərin ələm çəkməyə başladı.

O vaxt onlara dedi:

İ: «Canım ölüm dərəcəsində kədərlidir; burada qalıb, Mənimlə oyaq durun.»

O: Bir az irəli getdi. Yerə üzüqoylu döşənib dua etdi:

İ: «Atam, əgər mümkünsə, qoy bu kasa Məndən keçsin; amma Mənim istədiyim kimi deyil, Sənin istədiyin kimi olsun».

O: Sonra şagirdlərin yanına qayıtdı və onları yatmış gördü. Peterə dedi:

İ: «Demək, Mənimlə bir saat da olsa, oyaq dura bilmədiniz?

İ: Oyaq durub dua edin ki, imtahana uğramayasınız. Doğrudan da ruh qeyrətli, bədən isə zəifdir.»

O: İsa ikinci kərə gedib belə dua etdi:

İ: «Ey Ata, əgər Mən o kasanı içmədən keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun».

O: Qayıdıb onları yenə yatmış gördü, çünki onların gözləri ağırlaşmışdı. Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözləri söyləyərək üçüncü dəfə dua etdi. O zaman İsa şagirdlərin yanına gəlib, onlara dedi:

İ: «Siz hələ də yatıb, rahatlanırsınızmı? Budur, saat yaxınlaşdı və İnsan Oğlu günahkarların əlinə təslim edilir! Qalxın gedək! Budur, Məni ələ verən yaxınlaşdı!»

O: İsa hələ danışmaqda ikən, budur, Onikilərdən biri olan Yəhuda gəldi; yanında baş kahinlər və xalqın ağsaqqalları tərəfindən göndərilmiş, qılınc və payalarla silahlanmış böyük bir dəstə vardı. İsanı ələ verən:

H: «Kimi öpsəm, Odur; Onu tutun».

O: deyə onlara bir işarə vermişdi. O anda İsaya yaxınlaşıb:

H: «Salam, Rəbb!»

O: deyərək Onu öpdü. İsa da ona:

İ: «Dostum, nə üçün gəlmisən?»

O: dedi. O zaman onlar İsaya yanaşıb, əl ataraq Onu tutdular.

Budur, İsa ilə bərabər olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını saldı. O zaman İsa ona dedi:

İ: «Qılıncını yerinə qoy, çünki qılınc tutanların hamısı qılıncdan həlak olacaqdır. Yoxsa elə düşünürsən, Mən /indi/ Atamdan rica edə bilmərəm ki, on iki legiondan çox mələyi Mənim sərəncamıma göndərsin? Bunların olması gərəkdir deyən Yazılar onda bəs necə doğru çıxardı?»

O: O saatda İsa xalqa dedi:

İ: «Bir quldura qarşı imiş kimi, qılınc və payalarla Məni tutmağamı gəlmisiniz? Mən hər gün mə’bəddə /sizinlə bərabər/ oturub, tə’lim verirdim, lakin Məni tutmadınız. Amma bunların hamısı peyğəmbərlərin yazıları yerinə yetsin deyə baş verdi».

O: O zaman şagirdlərin hamısı İsanı tərk edib qaçdılar. İsanı tutanlar Onu din alimləri və ağsaqqalların toplaşdıqları baş kahin Qayafanın evinə gətirdilər. Peter baş kahinin sarayına qədər uzaqdan İsanın ardınca getdi və içəri girib sonu görmək üçün mühafizlərlə bərabər oturdu. Baş kahinlər və bütün Sinedrion İsanı öldürmək üçün Ona qarşı yalan şəhadət axtarırdılar. Çox yalançı şahidlər gəldilər, lakin yenə də tapmadılar. Nəhayət, daha iki yalançı şahid gəlib dedi:

X: «Bu Adam dedi ki: “Mən Allahın məbədini yıxıb, üç gündə tikə bilərəm.”»

O: Baş kahin ayağa qalxıb, İsaya dedi:

B: «Sən heç cavab vermirsən? Bunların Sənə qarşı irəli sürdükləri şəhadət nədir?»

O: Amma İsa susdu. Baş kahin Ona dedi:

B: «Səni and verdirirəm yaşayan Allaha, bizə de görək, Allahın Oğlu Məsih Sənsənmi?»

O: İsa da ona dedi:

İ: «Sənin dediyin kimidir; hətta sənə deyirəm: Bundan sonra İnsan Oğlunun Qadirin sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz.»

O: O zaman baş kahin öz paltarını cırıb dedi:
B: «O küfr söyləyir, daha şahidlərə nə ehtiyacımız var? Budur, elə indi Onun küfr söylədiyini eşitdiniz. Sizə necə gəlir?»

O: Onlar cavab verib dedilər:

X: «O, ölümə layiqdir.»

O: O zaman üzünə tüpürüb Ona yumruq vurdular; bə’ziləri də Ona:

X: «Ey Məsih, bizə peyğəmbərliyini göstər görək, Səni vuran kimdir?»

O: deyərək Onun üzünə sillə vururdular. Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi:

X: «Sən də Qalileyalı İsa ilə bərabər idin.»

O: Amma o, hamının qarşısında inkar edərək dedi:

H: «Sənin nə dediyini başa düşmürəm.»

O: O darvazaya yaxınlaşanda, başqa bir xidmətçi qız onu görüb oradakılara dedi:

X: «Bu adam da Nazaretli İsa ilə bərabər idi.»

O: Və o, yenə inkar edib and içdi:

H: «O Adamı tanımıram.»

O: Bir az sonra orada duranlar gəlib Peterə dedilər:

X: «Doğrudan, sən də onlardansan, çünki nitqin səni ifşa edir.»

O: O zaman özünə lə’nət oxuyaraq, and içməyə başladı:

H: «O Adamı tanımıram.»

O: Və o anda xoruz banladı.

Peter, İsanın: «Xoruz banlamazdan qabaq, sən Məni üç dəfə inkar edəcəksən»,

O: dediyi sözü xatırladı. Və oradan çıxıb hönkür-hönkür ağladı.

Mattanın müjdəsi 27

O: Səhər açıldıqda isə, bütün baş kahinlərlə xalqın ağsaqqalları İsanı öldürmək üçün müşavirə etdilər. İsanı bağlayıb, vali Ponti Pilatın yanına aparıb ona təslim etdilər.

O zaman Onu ələ verən Yəhuda, İsanın məhkum edildiyini görərək peşman oldu və otuz gümüşü baş kahinlərə və ağsaqqallara geri gətirib, dedi:

H: «Mən təqsirsiz qanı ələ verməklə günah işlətdim.»

O: Onlar isə ona dedilər:

B: «Bundan bizə nə? Özün bilərsən».

O: Yəhuda gümüşləri məbədin içinə atıb oradan çıxdı; və gedib özünü asdı.

Baş kahinlər gümüşü götürüb dedilər:

B: «Madam ki, qan bahasıdır, bu gümüşləri məbədin xəzinəsinə qoymaq caiz deyildir.»

O: Və müşavirə keçirib yabançıları dəfn etmək üçün o pulla dulusçunun tarlasını satın aldılar. Buna görə o tarlaya bu günə qədər Qan Tarlası deyilir. O zaman Yeremiya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail oğullarının Qiymətləndirilmişə verdikləri qiyməti, yəni otuz gümüşü götürüb, Allahın mənə buyurduğu kimi, dulusçunun tarlası üçün verdilər.»

İsa valinin qabağına çıxartdılr.o da Ondan soruşdu:

X: «Sən Yəhudilərin Hökmdarısanmı?»

O: İsa da ona dedi:

İ: «Dediyin kimidir.»

O: Baş kahinlər və ağsaqqallar Onu ittiham etdiyi zaman da İsa heç bir cavab vermədi.

O vaxt Pilat Ona dedi:

P: «Eşitmirsənmi, Sənə qarşı nə qədər şəhadət edirlər?»

O: İsa onun heç bir sözünə cavab vermədikdə, vali son dərəcədə təəccübləndi.

Pasxa bayramında isə vali adətən xalqın arzu etdiyi məhbuslardan birini azad edirdi.

O zaman Barabba adlı məşhur bir məhbus həbsdə saxlanırdı. Beləliklə, onlar bir yerə toplaşdıqları zaman, Pilat onlara dedi:

P: «Kimi istəyirsiniz ki, sizə azad edim? Barabbanımı, yoxsa Məsih deyilən İsanımı?»

O: Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan ələ vermişdilər.

Pilat hakim kürsüsündə oturarkən arvadı: «O saleh Adamla sənin bir işin olmasın; çünki bu gün yuxuda Ona görə çox əzablar çəkdim», – deyə xəbər göndərdi. Baş kahinlər və ağsaqqallar isə xalqı təhrik edirdilər ki, Barabbanı istəsinlər və İsanı ölümə versinlər.

O zaman vali onlardan soruşdu:

P: «İkisindən sizin üçün hansını azad etməyimi istəyirsiniz?»

O: Onlar belə dedilər:

X: «Barabbanı».

O: Pilat onlara dedi:

P: «Elə isə Məsih deyilən İsaya nə edim?»

O: Onların hamısı bir ağızdan:

X: «Çarmıxa çəkilsin!»

O: Vali dedi:

P: «Axı O nə pislik edib?»

O: Lakin onlar ucadan bağırdılar:

X: «Çarmıxa çəkilsin!»

O: Pilat, heç bir şeyin kömək etmədiyini və əksinə iğtişaşın gücləndiyini görərək su götürüb xalq qarşısında əlini yudu və belə dedi:

P: «Mən bu Salehin qanı üçün məsul deyiləm, özünüz düşünün».

O: Bütün xalq cavab verib dedi:

X: «Onun qanının məsuliyyəti bizim və uşaqlarımızın üzərinə olsun!»

O: O zaman Pilat onlara Barabbanı sərbəst buraxdı; və İsanı döydürdükdən sonra, çarmıxa çəkilməyə təslim etdi. O vaxt, valinin əsgərləri İsanı Pretoriuma apardılar; və bütün alayı Onun başına topladılar. Onu soyundurub, qırmızı rəngli xələt geydirdilər. Tikanlardan bir tac hörüb, başına qoydular və sağ əlinə də bir qamış verdilər; önündə diz çöküb onu ələ salmağa başladılar:

X: «Salam, ey Yəhudilərin Hökmdarı!»

O: Ona tüpürdülər, qamışı götürüb, başına vurdular.

Onu ələ saldıqdan sonra, xələti əynindən çıxarıb, Öz paltarını geydirdilər; və Onu çarmıxa çəkməyə apardılar. Bayıra çıxanda, Şimon adlı kirineyli bir adamı tapdılar; onu məcbur etdilər ki, İsanın çarmıxını daşısın. Qolqota, yəni “Kəllə yeri” adlanan yerə gəldikləri zaman,

içsin deyə Ona ödlə qarışıq turş şərab verdilər. İsa onu daddı, amma içmək istəmədi. Onu çarmıxa çəkdikdən sonra, püşk ataraq paltarlarını aralarında payladılar.

Və orada oturub, Onun keşiyini çəkdilər.

Başı üzərinə, “Yəhudilərin Hökmdarı İsa budur” – ittihamını yazıb qoydular.

O zaman Onunla bərabər biri sağında, biri də solunda, iki quldur da çarmıxa çəkildi. Gəlib keçənlər başlarını yırğalayıb Onu söyərək deyirdilər:

X: «Ey məbədi yıxıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!».

O: Baş kahinlər də, din alimləri və ağsaqqallarla bərabər, eyni şəkildə Onu ələ salaraq deyirdilər:

X: «Başqalarını xilas edirdi, Özünü isə xilas edə bilmir! Əgər İsrailin Hökmdarıdırsa, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. Allaha bel bağlayırdı; əgər Allah Onu istəyirsə, qoy indi xilas etsin; çünki O, “Mən Allahın Oğluyam”, – deyirdi.»

Onunla bərabər çarmıxa çəkilən quldurlar da Onu söyürdülər. Altıncı saatdan doqquzuncu saata qədər, bütün ölkəyə qaranlıq çökdü.

Doqquzuncu saat radələrində İsa yüksək səslə bağırdı:

İ: «Eli, Eli, lama şabaktani?».

O: -yəni«Allahım, Allahım! Nə üçün Məni tərk etdin?» Orada duranlardan bəziləri bunu eşitdikdə dedilər:

X: «Bu Adam İlyası çağırır».

O: O anda onlardan biri qaçıb, bir süngər götürdü, turş şərab ilə doldurub, bir qamışa taxdı və içsin deyə Ona uzatdı. Başqaları da dedilər:

X: «Qoyun görək, İlyas Onu xilas etməyə gəlirmi?»

O: İsa, yenə yüksək səslə qışqırıb, canını tapşırdı.

Və budur, məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə bölündü. Yer sarsıldı, daşlar yarıldı;

Və qəbirlər açılıb, vəfat etmiş neçə müqəddəsin cəsədi dirildi. Onlar qəbirlərdən çıxıb, İsanın dirilməsindən sonra müqəddəs şəhərə girdilər və bir çox kimsələrə göründülər. Yüzbaşı və onunla bərabər İsanın keşiyini çəkənlər, zəlzələni və vaqe olan şeyləri gördükdə çox qorxdular:

X: «Doğrudan da Bu, Allahın Oğlu idi».

O: İsaya xidmət edərək, Qalileyadan ardınca gəlmiş olan bir çox qadın orada idi və onlar uzaqdan bu mənzərəyə tamaşa edirdilər. Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zevedeyin oğullarının anası onların arasında idi. Axşam düşəndə İsanın şagirdi olmuş Yusif adlı zəngin bir arimateyalı gəldi. Bu adam Pilatın yanına gedib İsanın cəsədini istədi. O zaman Pilat əmr etdi ki, cəsəd verilsin. Yusif cəsədi alıb təmiz bir kətana bürüdü. Onu qaya içində ovduğu yeni qəbrinə qoydu və qəbrin girişinə bir iri daş yuvarlayıb getdi. Məcdəlli Məryəm ilə o biri Məryəm orada, qəbrin qarşısında oturmuşdular.

Ertəsi gün, yəni hazırlıq günündən sonra gələn gün, baş kahinlər və fəriseylər Pilatın yanına toplaşıb dedilər:

X: «Cənab, biz xatırlayırıq ki, o yalançı hələ diri ikən: “Üç gün sonra diriləcəyəm”, – demişdi.

Beləliklə, əmr et ki, üçüncü günə qədər qəbrin təhlükəsizliyini qorusunlar. Yoxsa şagirdləri /gecə ilə/ gəlib Onu oğurlayarlar və xalqa: “O, ölülərdən dirildi”, – deyərlər. Axırıncı yalan, birincisindən daha pis olar.»

O: Pilat onlara dedi:

P: «Bir dəstə keşikçi götürün; gedin, bildiyiniz kimi qəbrin təhlükəsizliyini qoruyun.»

O: Onlar gedib, qəbrin qarşısında keşikçi dəstəsi qoyaraq, qəbir daşına möhür basdılar. Beləcə qəbri təhlükəsiz hala gətirdilər.

Save

Comments are closed.