İsa Məsihin Pasxa yeməyinin xatırlanması

Çıxış 12, 1-8. 11-14 Last Supper untitled

Misir torpağında Rəbb Musaya və Haruna dedi: «Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı İsrail icmasından hər kəs onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. 

Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin.

Z 116, 12-13. 15+16bc. 17-18

Nəqarat: Bu şükür etdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklikdir.

Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?

Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam.

Rəbbin gözündə hər bir möminin ölümü çox bahadır.

Ya Rəbb, mən Sənin qulunam, kənizinin oğluyam, buxovlarımı açmısan.

Sənə şükür qurbanları təqdim edəcəyəm, Rəbbin adını çağıracağam.

Rəbbə Onun bütün xalqı qarşısında əhd etdiyim təqdimləri verəcəyəm.

1 Kor 11, 23-26

Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım yeni əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin».

Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə, siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.

Yəh 13, 1-15

Pasxa bayramının ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi. Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryotun oğlu Yəhudanın ürəyinə qoymuşdu. İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan çıxıb gəldiyini və Allaha qayıdacağını bilirdi. O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı. Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı. İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi. İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan». Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz». Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu». İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki tər-təmizdir. Siz də təmizsiniz, amma hamınız yox». Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi. İsa onların ayaqlarını yuyub paltarını geyindikdən sonra yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.

Comments are closed.