Rəbbimizin əzabları və ölümünün xatırlanması

Cross dali2_1247555c

Yeş 52, 13 – 53, 12 

Budur, Mənim qulum uğur qazanacaq, O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək. Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdi, zahirən insan surətindən çıxmışdı. Fəqət O çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq. Çünki onlar bilmədiklərini görəcək, eşitmədiklərini anlayacaq. Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu? O, Rəbbin önündə bir fidan kimi, quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi, gözümüzü oxşayan zahiri siması da yox idi. Adamlar ona həqarətlə baxıb rədd etdi. O dərdli, xəstəlikləri görən insan idi, adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik. Bizim asiliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. 

Hamımız qoyun kimi yolu azmışdıq, hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qoyun qırxanların qabağında dilsiz-ağızsız qoyun kimi ağzını açmadı. Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. Onun nəsli haqqında kim düşünə bilərdi? Axı xalqımın asiliyinə görə O edam olundu, dirilər arasından atıldı. O heç bir zorakılıq etmədiyi, ağzından yalan söz çıxmadığı halda qəbri pis adamların yanında quruldu, dövlətli adamın yanında dəfn olundu. Amma Rəbb Özü onun bu iztirablarını istədi, çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim etdikdə nəslini görəcək, ömrü uzanacaq. Rəbbin istəyi onun əli ilə uğur tapacaq. O, çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək. Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, asilərə tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, asilərdən ötrü yalvardı.

Z 31, 1+5. 11-12. 14-15. 16+25

Nəqarat: Ata, Ruhumu Sənin əlinə verirəm.

Ya Rəbb, Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma, ədalətinlə məni xilas et!

Ruhumu Sənin əlinə verirəm, ya Rəbb, sadiq Allah, Sən məni azad et.

Bütün düşmənlərim mənə tənə edir, qonşularımsa onlardan daha betərdir, tanışlarım məni görərkən dəhşətə düşür, məni küçələrdə görənlər məndən qaçır.

Ölü bir adam kimi unudulmuşam, çilik-çilik qırılan bir qaba oxşayıram.

Ya Rəbb, yalnız sənə güvənirəm, dedim: «Allahımsan Sən».

Mənim hər anım Sənin əlindədir, düşmənlərimin, təqibçilərimin əlindən məni azad et.

Bəndənin üstünə üzünün nurunu sal, Məhəbbətinlə məni qurtar.
Ey Rəbbə ümid bağlayan bütün insanlar, cəsarətli, möhkəm olun!

İbr 4, 14-16; 5, 7-9

Beləliklə, Allahın Oğlu Isa göyləri keçmiş böyük Baş Kahinimiz olduğuna görə təsdiq etdiyimiz imani möhkəm tutaq. Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər xüsusda bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq. Məsih yer üzündə cismdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi. O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu.

Müqəddəs Yəhya tərəfindən yazılan İsa Məsihin Əzabları və Ölümü (Yəh 18, 1-40, 19, 1-42)

O: Oxuyucu

İ: İsa

H: Həvarilər

P: Pilat

X: Xalq

B: Baş Keşiş

O: İSA bu şeyləri söylədikdən sonra şagirdləri ilə çölə çıxıb Kidron dərəsinin o tayına keçdi. Orada bir bağ var idi, Özü və şagirdləri oraya girdilər.

Onu ələ verən Yəhuda da o yeri tanıyırdı; çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı.

Beləliklə, Yəhuda, əsgər bölməsini və baş Keşişlərdən və fəriseylərdən mühafizlər alıb fənərlər, məş’əllər və silahlarla oraya gəldi. İsa başına gələcək bütün işləri bilərək qabağa çıxıb onlara dedi:

İ: «Kimi axtarırsınız?» -.

O: Ona cavab verdilər:

X: “Nazaretli İsanı.“

O: Onu ələ verən Yəhuda da onlarla bərabər durmuşdu. İsa onlara «Mənəm» dediyi zaman, onlar geri çəkilib yerə yıxıldılar. İsa yenə də onlardan soruşdu:

İ: Kimi axtarırsınız?

O: Onlar dedilər:

X: Nazaretli İsanı.

O: İsa cavab verdi:

İ: Sizə dedim ki, Mənəm; əgər Məni axtarırsınızsa, bunları buraxın getsinlər.

O: Onun dediyi: «Mən Sənin Mənə verdiyin kimsələrdən heç birini qeyb etmədim» sözü yerinə yetsin deyə belə oldu. Şimon Peterin qılıncı var idi; onu çıxarıb, baş Keşişin qulunu vurub sağ qulağını saldı. O qulun adı Malik idi. O vaxt İsa Peterə dedi:

İ: Qılıncını qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?

O: Beləcə əsgər bölməsi, minbaşı və yəhudilərin mühafizləri İsanı tutub bağladılar. Və Onu əvvəl Hananın yanına apardılar, çünki o, həmin il baş Keşiş olan Qayafanın qaynatası idi.

Xalq yolunda bir adamın ölməsi xeyirlidir, deyə yəhudilərə öyüd verən Qayafa idi.

Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdi. Bu şagirdi baş Keşiş tanıyırdı və o, İsa ilə bərabər baş Keşişin həyətinə girdi. Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş Keşişin tanıdığı o şagird çıxıb qapıçı qıza bir söz dedi və Peteri içəri gətirdi.

Qapıçı qız bu anda Peterə dedi:

X: Sən də bu Adamın şagirdlərindən deyilmisən?

O: O da bu cavabı verdi:

H: Yox, deyiləm!

O: Bu arada qullar və mühafizlər, soyuq olduğuna görə, ocaq qalayıb, ətrafında durub, isinirdilər; Peter də onlarla bərabər durub isinirdi. O vaxt baş Keşiş İsadan şagirdləri və tə’limi haqda soruşdu. İsa ona cavab verdi:

İ: Mən aləmə açıq söylədim; Mən yəhudilərin daim toplaşdıqları sinaqoqlarda və mə’bəddə tə’lim verirdim; və gizli heç bir şey söyləmirdim. Nə üçün Məndən soruşursan? Onlara nə söylədiyimi eşidənlərdən soruş.Onlar Mənim söylədiyimi bilirlər.

O: O bu sözləri söylədikdən sonra, orada duran mühafizlərdən biri İsaya bir şillə vuraraq belə dedi:

X: Baş Keşişə beləmi cavab verirsən?

O: İsa ona cavab verdi:

İ: Əgər pis söz dedimsə, pis olduğunu sübuta yetir; əgər doğru dedimsə, nə üçün məni vurursan?

O: Və Hanan Onu qolları bağlı baş Keşiş Qayafanın yanına göndərdi.

Şimon Peter həyətdə durub isinirdi. Ona dedilər:

X: Sən Onun şagirdlərindən deyilmisən?

O: O, inkar edib dedi:

H: Deyiləm.

O: Peter tərəfindən vurulub qulağı kəsilmiş adamın qohumlarından və baş Keşişin nökərlərindən olan biri belə dedi:

X: Səni bağda Onunla birlikdə görmədimmi?

O: Peter yenə inkar etdi; və həmin vaxt xoruz banladı.Yəhudi idarəçilər Qayafanın yanından İsanı Pretoriuma apardılar. Səhər erkən idi; özləri isə Pretoriuma girmədilər, yoxsa napak sayılıb, pasxa yeməyini yeyə bilməzdilər. Pilat çölə, onların yanına çıxıb dedi:

P: Bu Adamdan nə şikayətiniz var?

O: Onlar bu cavabı verdilər:

X: Əgər bu Adam cani olmasaydı, Onu sənə təslim etməzdik.

O: Pilat onlara dedi:

P: Onu siz götürün və qanununuza görə mühakimə edin.

O: Yəhudi idarəçilər Pilata dedilər:

X: Bizim heç kimi ölümə məhkum etməyə ixtiyarımız yoxdur.

O: İsanın nə cür ölümlə öləcəyinə işarə edərək, söylədiyi söz yerinə yetsin deyə belə dedilər.Pilat yenə Pretoriuma girib İsanı çağırdı və Ona dedi:

P: Sən Yəhudilərin Hökmdarısanmı?

O: İsa cavab verib dedi:

İ: Sən bunu özündənmi söyləyirsən, yoxsa başqalarımı Məndən sənə bəhs etdilər?

O: Pilat cavab verdi:

P: Məgər mən yəhudiyəm? Səni öz xalqın və baş Keşişlər mənə təslim etdilər. Nə etmisən?

O: İsa cavab verdi:

İ: Mənim Səltənətim bu dünyadan deyildir; əgər Mənim Səltənətim bu dünyadan olsaydı, nökərlərim cəhd edərdilər ki, Mən yəhudi idarəçilərə təslim edilməyim; lakin indi Mənim Səltənətim buradan deyildir.

O: Pilat Ona dedi:

P: Demək Sən hökmdarsan?

O: İsa cavab verdi:

İ: Doğru deyirsən: Mən hökmdaram. Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim. Həqiqət tərəfdarı olan hər kəs Mənim səsimi eşidir.

O: Pilat Ondan:

P: Həqiqət nədir?

O: deyə soruşdu.Bunu dedikdən sonra, təkrar eşiyə, yəhudilərin yanına çıxıb dedi:

P: Mən Onda heç bir günah tapmıram! Axı sizdə belə bir adət var ki, pasxada sizə bir adamı həbsxanadan azad edim; indi Yəhudilərin Hökmdarını sizə azad etməyimi istəyirsinizmi?

O: O vaxt yenə hamı bağırıb dedilər:

X: Bu Adamı yox, Barabbanı!

O: Barabba isə quldur idi. O vaxt Pilat İsanı götürüb qamçılatdı. Əsgərlər də tikanlardan bir tac hörüb Onun başına qoydular və Ona mor xələt geydirdilər.

Onun yanına gəlib deyirdilər:

X: Salam, ey Yəhudilərin Hökmdarı!

O: Və Onun üzünə şillə vururdular. Pilat yenə çölə çıxıb, yəhudilərə dedi:

P: Budur, Onu sizin yanınıza gətirirəm ki, Onda heç bir günah tapmadığımı biləsiniz.

O: O zaman İsa, başında tikandan tac və əynində mor xələt, çölə çıxdı. Pilat onlara dedi:

P: Budur o Adam!

O: Baş Keşişlər və mühafizlər Onu gördükdə bağırmağa başladılar:

X: Çarmıxa çək! Çarmıxa çək!

O: Pilat onlara dedi:

P: Onu siz götürüb çarmıxa çəkin, çünki mən Onda bir günah tapmıram.

O: Yəhudi idarəçilər ona cavab verdilər:

X: Bizim bir qanunumuz vardır; qanunumuza görə O ölməlidir, çünki Özünün Allahın Oğlu olduğunu iddia edir.

O: Pilat bu sözü eşitdiyi zaman daha çox qorxdu; Yenə Pretoriuma girib İsaya dedi:

P: Sən haralısan?

O: İsa isə ona cavab vermədi. Pilat Ona dedi:

P: Mənə bir şey demirsənmi? Bilmirsən ki, Səni buraxmağa da, çarmıxa çəkməyə də səlahiyyətim vardır?

O: İsa ona cavab verdi:

İ: Əgər sənə yuxarıdan verilməsəydi, Mənim üzərimdə sənin heç bir səlahiyyətin olmazdı. Bunun üçün, Məni sənin əlinə verənin günahı daha böyükdür.

O: Bundan sonra Pilat Onu buraxmağa çalışırdı, lakin yəhudilər bağırıb deyirdilər:

X: Əgər Bunu buraxsan, qeysərin dostu deyilsən; kim özünün hökmdar olduğunu iddia edirsə, qeysərə qarşı çıxmış olur.

O: Pilat bu sözləri eşitdikdə, İsanı eşiyə gətirdi və Daş Döşəmə – ibranicə Qabata – deyilən yerdə, hökm kürsüsünə oturdu. O gün Pasxanın hazırlıq günü idi; altıncı saata yaxın idi. Və Pilat yəhudilərə belə dedi:

P: Budur hökmdarınız!

O: Amma onlar belə bağırdılar:

X: Götür, götür, Onu çarmıxa çək!

O: Pilat onlara dedi:

P: Hökmdarınızı çarmıxamı çəkim?

O: Baş Keşişlər cavab verdilər:

B: Qeysərdən başqa hökmdarımız yoxdur.

O: O zaman Pilat İsanı çarmıxa çəkmək üçün onlara təslim etdi. Əsgərlər də Onu götürüb apardılar. O vaxt İsa Öz çarmıxını daşıyaraq çölə çıxıb, ibranicə Qolqota adlanan, Kəllə yeri deyilən yerə çatdı. Onu və Onunla bərabər iki nəfəri orada çarmıxa çəkdilər. Onlardan biri İsanın bir tərəfində, digəri isə o biri tərəfində idi, İsa isə ortada. Pilat bir taxta yazıb onu çarmıx üzərinə asdırdı. Orada belə yazılmışdı: “Nazaretli İsa, Yəhudilərin Hökmdarı.” Yəhudilərdən bir çoxu bu taxtanı oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi; o taxta ibranicə, yunanca və latınca yazılmışdı. Buna görə yəhudi baş Keşişləri Pilata dedilər:

X: “Yəhudilərin hökmdarı” yox, Bu Adam “Yəhudilərin Hökmdarıyam” dedi, – yaz.»

O: Pilat cavab verdi:

P: Nə yazdımsa, yazdım!

O: Əsgərlər İsanı çarmıxa çəkdikləri vaxt, Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olaraq dörd yerə böldülər. Köynəyini də götürdülər. Köynək tikişsiz, başdan başa toxuma idi. Onlar da bir-birilərinə dedilər:

X: Bunu cırmayaq, kimin olsun deyə püşk ataq.

O: Beləliklə Müqəddəs Yazıdakı bu sözlər həqiqət oldu: “Paltarlarımı aralarında payladılar, geyimim üçün püşk atdılar.”Budur əsgərlər belə etdilər.

İsanın çarmıxı yanında anası və anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm durmuşdular. İsa, anasını və onun yanında sevdiyi şagirdin durduğunu gördükdə anasına dedi:

İ: Ana, budur oğlun!

O: Ondan sonra şagirdə dedi:

İ: Budur anan!

O: O saatdan sonra şagird onu öz evinə apardı. Bundan sonra, İsa artıq hər şeyin indi tamam olduğunu bilərək, Müqəddəs Yazının yerinə yetməsi üçün dedi:

İ: Susadım!

O: Orada turş şərab dolu bir qab qoyulmuşdu; turş şərab ilə bir süngər doldurub, onu bir zufa budağına taxıb, Onun dodaqlarına yaxınlaşdırdılar. İsa şərabı daddıqda:

İ: Tamam oldu.

O: dedi, və başını əyib canını tapşırdı.

O: İndi hazırlıq günü olduğundan, cəsədlər şənbə günü çarmıxda qalmasın deyə (çünki o şənbə günü böyük bayram idi), yəhudi idarəçilər çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərinin qaldırılmasını Pilatdan xahiş etdilər. O vaxt əsgərlər gəlib birincinin və onunla bərabər çarmıxa çəkilmiş olan o birisinin baldırlarını qırdılar. İsaya çatdıqda isə, Onun artıq ölmüş olduğunu görüb, baldırlarını qırmadılar. Lakin əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi; və o anda oradan qan və su axdı. Bunu görən şəhadət etdi və onun şəhadəti doğrudur; iman edəsiniz deyə özü həqiqəti söylədiyini bilir. Çünki bu hadisələr: “Onun heç bir sümüyü sınmayacaqdır” deyən Müqəddəs Yazı yerinə yetsin deyə baş verdi. Və yenə başqa bir yerdə Yazı vardı: “Onlar bədənini deşdikləri Adama baxacaqlar.”

Bu hadisələrdən sonra, İsanın şagirdi olub, yəhudi idarəçilərin qorxusundan özünü gizlədən arimateyalı Yusif, İsanın cəsədini çıxartmaq üçün Pilatdan xahiş etdi və Pilat izin verdi. O da gəlib İsanın cəsədini çıxartdı. Vaxtı ilə İsanın yanına gecə ikən gələn Nakdimon da gəlib, otuz litrə qədər qarışıq mirra və əzvay gətirdi. O vaxt İsanın cəsədini götürüb yəhudilərin dəfn adəti üzrə ətirlərlə bərabər kətan parçalara sarıdılar. Çarmıxa çəkildiyi yerdə bir bağ və bağda hələ içinə heç kimsə qoyulmamış təzə bir qəbir var idi. Yəhudilərin hazırlıq günü olduğundan İsanı oraya qoydular, çünki qəbir yaxında idi.

Comments are closed.