MÜQƏDDƏS ŞƏNBƏ GÜNÜ. PASXA ƏRƏFƏSİ.

1. Oxunuş: İnsanın yaradılışı. (Yaradılış 1,1.26-31,2,1-2)

Başlanğıcda Allah göyləri və yeri yaratdı. Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».

Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, Onları kişi və qadın olaraq yaratdı.

Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». 

Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız.

Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi. Göylər və yer, oradakı hər şey beləcə tamamlandı.

Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi.

Məzmur (104{103}1-2,5-6,10,12,13f-14,24,35)

Rəbbim, göylər və yer üzü sevginlə doludur!

Dua

İnsanı yaradaraq möcüzə göstərən və daha da böyük bir möcüzə olaraq onu xilas edən uca Allah, Sənə yalvarırıq: Müqəddəs Ruhun qüdrəti ilə günaha qarşı savaşa bilməyimiz və beləcə əbədi xoşbəxtliyə çata bilməyimiz üçün bizlərə yardım et. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

2. Oxunuş: Atamız İbrahimin qurbanı. (Yaradılış 22, 1-18)

Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Buradayam!» dedi.

Allah dedi: «Sevdiyin yeganə oğlun İshaqı götür və Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et».

İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı.

İbrahim üçüncü gün başını qaldırıb uzaqdan o yeri gördü.

O, nökərlərinə dedi: «Siz eşşəklə birlikdə burada qalın, mən uşaqla oraya gedəcəyəm. Səcdə edib, yanınıza qayıdarıq».

İbrahim yandırma qurbanı üçün odun götürüb oğlu İshaqın kürəyinə qoydu, odu və bıçağı isə özü götürdü. Onlar birlikdə getdilər.

İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?»

İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». Onlar birlikdə getdilər.

Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu.

İbrahim əlini uzadıb oğlunun başını kəsmək üçün bıçağı götürdü.

Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O «Mən buradayam!» dedi.

Mələk dedi: «Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin».

İbrahim başını qaldırıb baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi.

İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».

Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi:

«Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə

Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq.

Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”».

Məzmur (16{15}1.5.8-11)

Qoru məni, Allahım, çünki, yeganə ümidim sənsən!

Dua

Sonsuz sevginlə insanları öz övladların kimi qəbul edərək iman edənlərin sayısını artıran, İbrahimə vəd etdiyin kimi Oğlunun dirilişi ilə onu bütün iman edənlərin atası edən uca Allah, millətinin sənin sözlərinə sadiq qalmasına kömək et. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

3. Oxunuş: İsrail oğullarının Qırmızı Dənizi keçməsi. (Çıxış 14{13}15-31. 15, 1-18)

Rəbbi öyək. Onun zəfəri böyükdür!

Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları quru yerdən dənizin ortasından keçsinlər.

Mən misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm.

Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman misirlilər biləcəklər ki, Rəbb Mənəm».

İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib, Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar. Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və İsrail övladları quru yerdən dənizin ortasından keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu.

Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər.

Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıq saldı.

O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdilər. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür». Rəbb Musaya belə dedi: «əlini dənizin üzərinə uzat ki, sular misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın».

Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı.

Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı.

İsrail övladları isə dənizin ortasından quru yerdə yeriyərək keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu.

Məhz o gün Rəbb İsraili misirlilərin əlindən xilas etdi. İsrail xalqı misirliləri dənizin sahilində ölü gördü. İsrail xalqı Rəbbin misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbdən qorxdu, Ona və qulu Musaya güvəndi. O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular:

İlahi (Çıxış 14(13) 15-31. 15,1-18 )

Dua

Allahım, əvvəl etdiyin möcüzələri yenidən görürük. Əvvəl yalnız bir milləti Misirlilərin əsarətindən qurtardın, indi isə, onları vəftizin suları ilə yeni bir həyata qovuşduraraq bütün insanları xilas edirsən. Həqiqətən, bütün insanların imana qovuşub sənin övladların olma şərəfinə çata bilməsinə kömək et. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

4. Oxunuş: Allah insanlara elm verir. Dirilən İsa Məsihin izində addımlayaq, çünki, O, bizim üçün həqiqi elmdir. (Baruh 3,9-15.32-38, 4, 1-4 )

Ey İsrail, həyat əmrlərini dinlə, hikməti anlamaq üçün qulaq as. Nə üçün, ey İsrail, nə üçün

düşmənlərin torpağındasan? Sən yad torpaqda qocalmısan, ölülərlə birlikdə murdarlanmısan, ölülər diyarında olanlara aid edilmisən, driklik mənbəyini tərk etmisən. Əgər sən Allahın yolu ilə getsəydin, onda əbədi olaraq sülhdə yaşayardın. Hikmətin, qüdrətin, biliyin harada olduğunu öyrən ki, eyni zamanda, uzun ömrün və həyatın, gözlərin nurunun və sülhün harada olduğunu biləsən. Kim müdrikliyin yerini tapıb, kim onun xəzinəsinə girib? Lakin hər şeyi bilən Allah onu bütünlüklə tanıyır; Allah Öz ağlı ilə onu aşkar etdi, yer üzünü əbədi vaxtlar üçün yaratdı, dördayaqlı heyvanlarla doldurdu. O, işığı göndərir, işıq da gedir, onu çağırır, o da lərzə ilə Allaha itaət edir; ulduzlar da öz keşiklərində sevinclə parlayırlar. Allah onları çağırdı, onlar da dedilər ki, biz buradayıq və onları Yaradanın qarşısında sevinclə parladılar. Bu, bizim Allahımızdır, başqa kimsə Ona tay ola bilməz. O, hikmətin hər cür yolunu tapdı, Öz qulu Yaquba və Öz sevimlisi İsrailə verdi. Bundan sonra hikmət yer üzündə göründü, insanların arasında gəzib-dolaşdı. Allahın əmrlərinin kitabı, əbədi qalan qanun idrak yoludur. Ona əməl edənlərin hamısı yaşayacaq, onu tərk edənlərsə öləcək. Ey Yaqub, dön və ondan bərk tut, onun işığının parıltısında gəz. Öz izzətini başqasına vermə, özünə faydalı olanı özgə millətə vermə. Ey İsrail, biz bəxtiyarıq, çünki bilirik ki, Allaha xoş gələn nədir.

Məzmur (19{18}8, 11)

Rəbbim, sözlərin əbədi həyatın qaynağıdır.

Dua

Səndən uzaq qalan insanları imana çağıraraq, Kilsənin böyüməsinə kömək edən uca Allah, müqəddəs vəftiz suyu ilə günahlardan qurtardığın və ruhani həyata qovuşdurduğun övladlarını hər zaman qoru. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

5. Oxunuş: Allah daxilimizdə yeni bir ürək yaratmaq istəyir. (Yezekel 36, 16-28)

Mənə Rəbbin sözü nazil oldu:

«Ey bəşər oğlu, İsrail nəsli öz torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların adətləri mənim önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi idi.

Mən də qəzəbimi onların üstünə tökdüm, çünki ölkədə qan tökdülər, bütləri ilə onu murdar etdilər.

Onları millətlər arasına yaydım, ölkələr arasına səpələndilər. Onları adətlərinə və əməllərinə görə mühakimə etdim.

Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu halda ölkəsindən çıxmağa məcbur oldu”. İsrail nəslinin getdiyi millətlər arasında ləkələdiyi müqəddəs adımın izzətdən düşməsi üçün təəssüfləndim.

Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm.

Millətlər arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir.

Çünki sizi millətlərin arasından götürəcək, bütün ölkələrdən toplayacaq və öz torpağınıza gətirəcəyəm.

Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.

Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz.

O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.

Məzmur (50{51}12, 15.18-19)

Rəbbim, daxilimizdə yeni bir qəlb yarat.

Dua

Sonsuz qüdrət və sönməyən nur olan uca Allah, kilsənin dualarını dinlə. Əzəldən bəri hazırladığın xilasın gərçəkləşməsinə və bütün insanların xilasa qovuşmasına kömək et. Bütün dünya sənin nemətlərini görsün, taqətsizlər qüvvət tapsın, əzilənlər yenidən canlansın. Bütün dünya, hər şeyin başlanğıcı olan və əbədiyyən hökm edən Oğlun, Rəbbimiz İsa ilə ilk yetkinliyinə çatsın. Rəbbimiz İsa Məsihin adına yalvarırıq.

M: Amin.

Himn “GLORİA”

Göylərdəki uca Allaha həmd olsun

və yer üzündəki xoş məramlı insanlara sülh gəlsin.

Səni tərif edirik.

Səni ucaldırıq.

Qarşında diz çökürük.

Sənə həmd edirik.

Uca Allah, göyün Hökmdarı, hər şeyə qadir Ata, ey Allahımız, uca Əzəmətin üçün Sənə şükür edirik.

Rəbb İsa Məsih,

Yeganə Oğul, Rəbb Allah, Allahın Quzusu, Atanın Oğlu,

dünyanın günahlarını təmizləyən Sən, bizə rəhm et;

dünyanın günahlarını təmizləyən Sən, dualarımızı qəbul et;

uca Allahın sağında əyləşən Sən, bizə rəhm et.

Çünki yalnız Sən müqəddəssən, yalnız Sən Rəbbimizsən,

yalnız Sən uca Allahsan.

Ey İsa Məsih, Müqəddəs Ruhun birliyində Ata Allahın izzətindəsən. Amin.

Dua

Məsihin şanlı dirilişi ilə bu müqəddəs gecəni aydınladan uca Allah, yenilənmiş bədəni və ruhu ilə hamımızın sənin xidmətində ola bilməyimiz üçün kilsəyə verdiyin övlad sevgisini qoru və gücləndir. Bunu səninlə və Müqəddəs Ruhla birlikdə indi və əbədiyyən hökm edən sevimli Oğlun, Rəbbimiz İsa Məsihin adına səndən diləyirik.

M: Amin.

6. Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 6, 3-11)

Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik? Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi tək biz də həmin cür yeni həyat sürək. Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq. Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi. Çünki ölmüş adam günahdan azad olub. Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.

ALLELUYA! ALLELUYA! ALLELUYA!

Məzmur (118{117}1-2, 15-17, 22-23)

Allah xeyirxahdır, onun sevgisi sonsuzdur.

ALLELUYA! ALLELUYA! ALLELUYA!

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 28, 1-10)

Şənbə günü keçəndən sonra, həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər. Budur, böyük bir zəlzələ oldu, çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu. Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi. Keşikçilər qorxudan titrəyib ölü kimi oldular. Mələk qadınlara müraciət edərək dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm. O burada yoxdur, dediyi kimi dirilmişdir! Gəlin, Onun yatdığı yeri görün. Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz”. Budur, mən sizə xəbər verdim». Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar. Amma budur, İsa «Sizə salam!» deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar. İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər».

 

Comments are closed.