2-ci Rəbb günü Pasxa dövründə A ili

https://www.wordonfire.org/wof-core/libraries/timthumb/timthumb.php?zc=1&w=1328&h=598&src=https://www.wordonfire.org/wof-site/media/brdivinemercy.jpg

Həvarilərin işləri kitabından sözlər (Həv İş 2, 42-47)

Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın Eyvanına yığılardı. Xalq onlara böyük rəğbət bəsləsə də, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. Buna baxmayaraq get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə küçələrə çıxarıb qoyardı. Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.

Z 118, 2-4. 13-15. 22-24

Nəqarat: Rəbbə şükür edin, ona görə ki yaxşıdır, çünki məhəbbəti əbədidir!

Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!» Harun nəsli belə desin: «Çünki məhəbbəti əbədidir!» Qoy Rəbdən qorxanlar belə söyləsin: «Çünki məhəbbəti əbədidir!»

Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı, lakin Rəbb imdadıma çatdı. Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi! Salehlərin çadırlarından zəfər nidası yüksəlir: «Rəbbin sağ əli qüdrətli işlər göstərir!

Bənnaların rədd etdiyi daş guşədaşı olub. Bu, Rəbbin işi idi, gözümüzdə xariqəli bir işdir. Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək!

1 Pt 1, 3-9

Rəbbimiz İsa Məsihin Allahı və Atasına alqış olsun! O, Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə, çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanılır. Siz Allahın qüdrəti ilə axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitəsilə qorunursunuz. Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlara görə kədərlənsəniz də, hədsiz sevinin: bunları çəkirsiniz ki, imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir. Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz. Çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz.

Müqəddəs Yəhya tərəfindən yazılan İncil kitabından sözlər (Yəh 20, 19-31)

O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Salam!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər.

İsa yenə onlara dedi: «Salam! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».

Lakin On iki Şagirddən biri «Əkiz» adlanan Toma İsa gələndə onların yanında deyildi. O biri şagirdlər Tomaya «Rəbbi gördük» deyəndə o onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna inanmaram».

Səkkiz gün sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Toma da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Salam!» dedi.

Bundan sonra Tomaya söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!»

Toma cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi.

İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»

İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Allahın Oğlu və Məsih olduğuna iman edəsiniz və iman edərək Onun adı ilə həyata malik olasınız.

Save

Comments are closed.