3-cü Rəbb günü Pasxa dövründə A ili

Həv. İş. 2, 14. 22b-33 

Peter on bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın. Bildiyiniz kimi Nazaretli İsanın Allahdan gələn Şəxs olduğunu Allah Onun vasitəsilə aranızda yaratdığı möcüzələr, xariqələr və əlamətlərlə təsdiq etdi. Allahın müəyyən etdiyi məqsəd və uzaqgörənliyinə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. Allah isə ölüm iplərini kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi. 

Davud da Onun barəsində demişdi: “Rəbbə əbədilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram. Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, cismim belə ümidlə yaşayır. Çünki məni ölülər diyarına atmazsan, mömin insanını çürüməyə qoymazsan. Mənə həyat yolunu öyrədirsən, hüzurunda mənə doyunca sevinc verirsən”. Qardaşlar, sizə deməliyəm ki, doğrudan da ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır. Davud peyğəmbər olduğuna görə bilirdi ki, Allah Onun nəslindən bir Nəfəri Davudun taxtına çıxarmaq üçün and içərək vəd edib. Ona görə uzaqgörənliklə Məsihin dirilməsi barədə demişdi ki, Allah Onu ölülər diyarına atmaz, cismini çürüməyə qoymaz. Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq. Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, Atadan vəd edilən Müqəddəs Ruhu götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü.

Z 16, 1-2a+5. 7-8. 9-10. 11

Nəqərat: Ya Rəbb, mənə həyat yolunu öyrət !

Ey Allah, məni hifz et, Sənə pənah gətirmişəm.

Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən.

Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan,

püşkümə düşən Səndən asılıdır.

Mənə nəsihət verən Rəbbə alqış edirəm,

hətta gecələr də vicdanım mənə ağıl öyrədir.

Rəbbə əbədilik üz tutmuşam,

sağımda olduğu üçün sarsılmaram.

Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur,

cismim əmin-amanlıqda yaşayır.

Çünki məni ölülər diyarına atmazsan,

mömin insanını qəbrə salmazsan.

Mənə həyat yolunu öyrədirsən,

doyunca sevinc Sənin hüzurundadır,

sağ əlində hər zaman səadət var».

1 Pt 1, 17-21

Hər kəsi tərəfkeşlik etmədən öz əməlinə görə mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün, bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin. Bildiyiniz kimi, siz ata-babalarınızdan miras aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına azad olunmusunuz {qurtulmusunuz}. Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi. Onun vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə imanınız və ümidiniz Allaha bağlıdır.

Lk 24, 13-35

Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Emmaus adlı kəndə gedirdi. Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. Amma onların gözləri tutulmuşdu, buna görə Onu tanımadılar. Amma İsa onlardan soruşdu: “Siz yol gedə-gedə öz aranızda nə barədə danışırdınız? Nə üçün belə qəmlisiniz?”

Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: “Yerusəlimdə qalıb və bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?”

İsa onlara dedi: “Hansı hadisələrdən?” Onlar da Ona dedi: “Nazaretli İsa barəsindəki hadisədən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər. Biz də ümid edirdik ki, bu Adam İsrailə nicat gətirəcək. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. Üstəlik bizim qadınlardan bəzisi də bizi heyrətə saldılar: onlar səhər erkən qəbir üstünə getmişdi. Amma Onun cəsədini orada tapa bilməmişlər. Qadınlar gəlib dedilər ki, onlar Onun diri olduğunu bəyan edən mələklərin zühur etdiyini görüblər. Bizlərdən bəzisi qəbirə gedib oranı qadınların danışdığı kimi tapmışdılar, amma Onu görməyiblər”.

Onda İsa onlara dedi: “Ey ağılsızlar və peyğəmbərlərin əvvəlcədən xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! Məsih bu əzablara dözərək Öz izzətinə qovuşmalı deyildimi?” Sonra Musa ilə bütün peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.

Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən adam kimi apardı. Amma onlar İsadan təkidlə xahiş edib dedi: “Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir”. O da onlarla qalmaq üçün içəri girdi.

İsa onlarla süfrə başında oturarkən çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. Bu anda onların gözləri açıldı və onlar Onu tanıdı. Amma İsa onlar üçün görünməz oldu. Onlar bir-birlərinə dedi: “O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?” Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir Şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış tapdılar.

Bunlar deyirdi: “Rəbb, həqiqətən də, dirilmiş və Şimona görünmüşdür”.

Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.

Save

Comments are closed.