4-cü Rəbb günü Pasxa dövründə A ili

 

 

 

Həv İş. 2, 14a. 36-41 

Peter on bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: Ona görə də qoy İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir». Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» Peter onlara cavab verdi: «Hamınız tövbə edib İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. Çünki bu vəd sizin üçün, övladlarınız üçün və sizdən uzaqda olanlar üçün – Allahımız Rəbb kimi çağırarsa, onun üçündür». Peter başqa çox söz deyib onlara şəhadət və xəbərdarlıq etdi: «Bu yolunu azmış nəsildən canınızı qurtarın». Onların sözünü qəbul edənlər vəftiz oldu. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu. 

Z 23, 1-3a. 3b-4. 5. 6

Nəqərat: Rəbb mənim çobanımdır, möhtac olmaram.

Rəbb mənim çobanımdır, möhtac olmaram.

O məni yaşıl çəmənlərdə dincəldir,

sakit axan sular kənarında gəzdirir.

Məni yenə də canlandırır,


İsmi şərəfinə salehlik yolu ilə aparır.

Qaranlıq dərədə gəzsəm belə,

şərdən qorxmaram, çünki Sən mənimləsən,

Sənin əsan, Sənin dəyənəyin

mənə təsəlli verir.


Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan,

başıma ətirli yağ çəkirsən, ağzınadək camımı doldurursan.


Bəli, bütün həyatım boyu

yaxşılıq, məhəbbət məni izləyir.

Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!

1 Pt 2, 20b-25

Əzizlərim, əgər siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir. Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. O heç bir günah etmədi, ağzından hiylə sözü çıxmadı. Onu söydülər, O isə cavabında söymürdü, əzab çəkərək heç kimi hədələmirdi, əksinə, ədalətli Hakimə Özünü təslim etdi. O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız. Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz.

Yəh 10, 1-10

Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. Amma qapıdan girən qoyunların çobanıdır. Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar».

İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadı. İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Qoyunların qapısı Mənəm. Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. Oğru isə yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Amma Mən gəldim ki, Məndən girənlər həyata, bol həyata malik olsun.

Save

Comments are closed.