5-ci Rəbb günü Pasxa dövründə A ili

Həv İş. 6, 1-7 http://jtbarts.com/wp-content/uploads/2013/03/cornerstoneWeb-1024x752.jpg

O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladı. Çünki gündəlik yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar. Ona görə on iki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allah Kəlamını yaymaq işini atıb maddi işlərlə məşğul olmağımız doğru deyil. Ey qardaşlar, aranızda etibar qazanmış, ruh və hikmətlə dolu olan yeddi nəfər seçin ki, onları bu işə təyin edək. Biz isə özümüzü duaya və Allah kəlamını yaymağa həsr edək». Bu sözlər bütün toplantının xoşuna gəldi.

İman və Müqəddəs Ruhla dolu olan Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenanı və Yəhudi dinini qəbul edən Antakyalı Nikolanı seçib həvarilərin qarşısına çıxardılar. Həvarilər də dua edib onların üzərinə əl qoydular. Allah kəlamı yayılır, Yerusəlimdə şagirdlərin sayı xeyli artır və bir çox kahinlər də bu imana tabe olurdu.

Z 33, 1-2. 4-5. 18-19

Nəqarət: Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, Məhəbbətin üzərimizdən tükənməsin.

Ey salehlər, Rəbbi mədh edin, ürəyidüz olanlara həmd söyləmək yaraşır.

Lira çalın, Rəbbə şükür edin, on telli çənglə Onu tərənnüm edin,

Çünki Rəbbin sözü haqdır, hər işini sədaqətlə aparır.

Rəbb salehliyi və ədaləti sevir, yer üzü Onun məhəbbəti ilə dolur.

Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.

İstəyir ki, onları ölümdən qurtarsın, qıtlıqda belə, onlar sağ qalsın.

1 Pt 2, 4-9

İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq özünüz diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz. Çünki Müqəddəs Yazıda yazılıb: «Budur, Sionda bir daş, Seçilmiş, qiymətli guşədaşı qoyuram. Ona iman edən əsla utandırılmaz». Beləliklə iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün: «Bənnaların rədd etdiyi daş Guşədaşı olub» «Büdrəmə daşı və yıxırdan qaya» da oldu. Onlar Kəlama itaət etmir və bunun təyin olunan nəticəsində büdrəyirlər. Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.

Yəh 14, 1-12

Qoy ürəyiniz narahat olmasın. Allaha iman edin, Mənə də iman edin. Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdimmi ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, siz də Mənim olduğum yerdə olasınız. Gedəcəyim yerə aparan yolu tanıyırsınız». Toma İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?» İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəçiliyim olmasa, heç kəs Atanın yanına gələ bilməz. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. Siz Onu artıq tanıyırsınız, Onu görmüsünüz». Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? Mənim Atada, Atanın da Məndə olduğuna iman etmirsənmi? Sizə söylədiyim sözləri özbaşına söyləmirəm, Mənim daxilimdə qalan Ata Öz işlərini görür. Mən Atadayam, Ata da Məndədir. Sözümə iman edin. Heç olmasa o işlərə görə iman edin. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən özü də gördüyüm işləri edəcək. Hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm.

Save

Comments are closed.