İSA MƏSİHİN GÖYƏ QALXMASI BAYRAMI A ili

Həv. İş. 1, 1-11 

Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə buyruqlar verdi. Ölüm əzabını çəkəndən sonra diri olduğunu həvarilərə çoxlu inandırıcı dəlillərlə göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Səltənəti barədə danışırdı. İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız». 

Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə səltənəti indimi bərpa edəcəksən?» İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaq, Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün sonuna qədər hər yerdə Mənim şahidlərim olacaqsınız». İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki şəxs onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə çəkilən İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».

Z 47, 2-3. 6-7. 8-9

Nəqarat: İsa Məsih göyə ucalır, göy və yer üzü sevinir.

Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır!

Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb.

Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin!

Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin.

Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir.

İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün Xalqların əsilzadələri yığılır, çünki yer üzünün sipərləri Allahındır. O nə qədər ucadır!

 

Ef 1, 17-23

Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun dəvətindən yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf olunan qüdrətin hədsiz böyüklüyünün nə olduğunu biləsiniz. Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmavi aləmdə Öz sağında oturtdu və hər başçılıq, hakimiyyət, qüvvə və ağalıqdan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də Onu çəkiləcək hər addan çox yüksəltdi. Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Dolğunlaşdıranın tamlığıdır.

 

Mt 28, 16-20

On Bir Şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. İsanı gördükləri vaxt Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi. İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə əməl etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm». 

Save

Comments are closed.