PENTİKOST BAYRAMI A ili

Həv. İş. 2, 1-11 

PENTİKOST günü gəldikdə, onların hamısı bir yerdə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onlara görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla doldu və Ruhun onlara verdiyi danışma tərzinə uyğun olaraq, başqa-başqa dillərdə danışmağa başladılar. Yerusəlimdə yəhudilər, göy altındakı bütün xalqlardan olan dindar adamlar yaşayırdı. Və bu səs gəldikdə, xalq bir yerə toplaşıb təəccüblənirdi; çünki hər biri onların onun dilində danışdıqlarını eşidirdi. Hamı çaşqınlıq və heyrət içində idi. 

Aralarında deyirdilər: «Bu danışanların hamısı qalileyalı deyillərmi? Bəs necə olur ki, hər birimiz öz ana dilimizi eşidir? Biz parfiyalılar, midiyalılar, elamlılar, Mesopotamiyada, Yəhudeyada və Kapadokiyada, Pontus və Asiya əyalətində, Frikiya və Pamfiliyada, Misirdə və Liviyanın Kirineya civarında yaşayanlar, Romadan gələn qəriblər, həm yəhudilər, həm də yəhudi dininə dönənlər, Kritlilər və ərəblər, onların öz dillərimizdə Allahın möhtəşəm işləri barədə danışdıqlarını eşidirik.»

Z 104, 1ab+24ac. 29b-30. 31+34

Nəqarət: Ya Rəbb, Ruhunu göndərib yer üzünə yeni həyat ver.

Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən.

Ya Rəbb, əməllərin çoxdur! Yaratdıqların yer üzünü doldurub.

Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar,

Ruhunu göndərərkən onlar yaranır, yer üzünə yeni həyat verirsən.

Rəbbin ehtişamı qoy əbədi var olsun! Qoy Rəbb yaratdıqlarına görə şad olsun!

Düşüncəm Ona xoş görünsün, mən Rəbbə görə sevinəcəyəm.

1 Kor 12, 3b-7. 12-13

Heç kim Müqəddəs Ruh ilə olmadan İsanı Rəbb adlandıra bilməz. Ənamlar müxtəlif, Ruh isə eynidir; və xidmətlər də müxtəlif, Rəbb isə eynidir; bu xidmətləri icra etmək tərzləri də müxtəlif, amma Allah eynidir, hamıda hər şeyi icra edən Odur. Amma hər kəsə Ruhun zühuru xeyir üçün verilir. Çünki necə ki, bədən bir olduğu halda çoxlu üzvlərə malikdir, bir bədənin üzvləri isə çox olduğu halda bir bədən təşkil edirlər, Məsih də elədir. Çünki istər yəhudi, istər yunan, istər qul, istərsə də azad, hamımız bir bədən olmaq üçün bir Ruhda vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.

Yəh 20, 19-23

O gün, həftənin ilk günü axşam çağı yəhudilərin qorxusundan şagirdlərin toplaşdıqları yerin qapıları bağlı ikən, İsa gəldi və ortada durub onlara: «Sizə salam!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. İsa yenə onlara dedi: «Sizə salam! Ata Məni göndərdiyi kimi, Mən də sizi göndərirəm.» Bunu dediyi zaman, onlara üfürdü və: «Müqəddəs Ruhu qəbul edin», – dedi. «Kimlərin günahlarını bağışlasanız, bağışlanmış olurlar, kimlərin günahlarını bağışlamasanız, bağışlanmamış qalırlar.»

Save

Comments are closed.