MÜQƏDDƏS ÜÇLÜK BAYRAMI

Çıxış 34, 4b-6. 8-9 

Musa səhər erkən durub, əlində iki daş lövhə tutaraq Sina dağına çıxdı. Rəbb buludun içindən enib orada Musa ilə durdu və Rəbb olan Öz adını bəyan edib Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm. Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı. Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da təqsirimizlə günahımızı bağışla və bizə sahib ol». 

Dan 3, 52. 53. 54. 55. 56

Nəqarat: Əbədiyyən Sənə şan-şöhrət olsun!

Rəbbim, atalarımızın Tanrısı, Səni tərifləyirik.

Uca və Müqəddəs adın əbədiyyən izzətlənsin və ucalsın.

Müqəddəs məbədində Səni mədh etsinlər, Padşahlıq taxtında oturarkən Səni öysünlər.

Göydəki məbədində Keruvların arasında taxt qurdun, ölülər diyarına nəzər salıb keçirsən.

2Kor 13, 11-13

Nəhayət, qardaşlar, sevinin! Kamilləşin, təsəlli tapın, həmfikir olun, sülhdə yaşayın. Məhəbbət və sülh qaynağı olan Allah sizinlə olacaqdır. Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Sizi bütün müqəddəslər salamlayır. Rəbb İsa Məsihin lütfü, Allahın məhəbbəti və Müqəddəs Ruha şəriklik hamınızla olsun! Amin.

Yəh 3, 16-18

Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun. Çünki Allah Öz Oğlunu dünyaya ona görə göndərməmişdir ki, O, dünyaya hökm etsin. Amma ona görə göndərmişdir ki, dünya Onun vasitəsilə xilas edilsin. Ona iman edən məhkum olunmur; iman etməyən isə qabaqcadan məhkum olunmuşdur, çünki Allahın vahid Oğlunun adına iman etməmişdir.

Comments are closed.