12-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeremiya 20, 10-13 

Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, biz də onu mühakimə edək!» deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, ondan qisasımızı alarıq» dedilər. Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, heç vaxt unudulmayacaq. Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın qisası görsün! Çünki işimi Sənə tapşırdım. Rəbbi tərənnüm edin, Rəbbə həmd edin! Çünki fəqiri zalımların əlindən qurtardı. 

Z 69, 79. 13+17. 32-34

Nəqarat: Ya Rəbb, mənə cavab ver, çünki məhəbbətin yaxşıdır.

Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü,
üzümü xəcalət bürüdü.

Qardaşlarıma yad oldum, anamın oğullarına özgə sayıldım.

Evinin qeyrəti məni yandırıb-yaxdı,

Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım.

Mənsə, ya Rəbb, Sənə dua edirəm.

Ey Allah, münasib gördüyün zaman bol məhəbbətinə görə mənə cavab ver,

çünki qurtuluşuna etibar etmişəm.

Ya Rəbb, mənə cavab ver, çünki məhəbbətin yaxşıdır.

Bunu görən məzlumlar qoy sevinsin,

ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin.

Çünki Rəbb fəqirləri eşidir, Öz əsir xalqına xor baxmır.

Göy, yer, dənizlər, oradakı canlılar qoy Rəbbə həmd oxusunlar.

Rom 5, 12-15

Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi. Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır. Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi. Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi.

Mt 10, 26-33

Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. Sizin başınızdakı saçlar belə, sayılıb. Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm.

Comments are closed.