14-cü Rəbb günü Adi dövrdə “A”ili

Zəkəriyyə 9, 9-10 

Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O, ədalətli və xilaskardır. O, həlimdir və bir eşşəyə – eşşəyin balası olan sıpaya minib gəlir. Döyüş arabalarını Efrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, çaydan dünyanın ucqarlarınadək uzanacaq. 

Z 145, 1-2. 8-9. 10-11. 13c-14

Nəqarat: Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm.

Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm. Sənə hər gün alqış edəcəyəm, İsminə əbədilik həmd edəcəyəm.

Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir. Rəbb hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər.

Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, möminlərin Sənə alqış edəcək. Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar.

Sənin padşahlığın əbədi padşahlıqdır, səltənətin nəsildən-nəslə qədər uzanır. Rəbb yıxılanların hamısına dayaqdır, qəddi əyilənlərin hamısını qaldırır.

Rom 8, 9. 11-13

Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətin hökmündə deyil, Ruhun hökmündəsiniz. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil. Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək. Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız.

Mt 11, 25-30

O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Rəbbi olan Ata! Minnətdaram Sənə ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin istəyin idi. Atam tərəfindən hər şey Mənə verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun Ata barədə agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən təvazökaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum rahat və yüküm yüngüldür».

Comments are closed.