15-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeşaya 55, 10-11 

Necə göydən yağan yağış və qar torpağı sulamadan, yeri məhsuldar edib əkin bitirmədən, əkinçiyə toxum, yeyənə çörək vermədən göylərə qayıtmırsa, Ağzımdan çıxan kəlmə də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər. 

Z 65, 10a-d. 10e-11. 12-13. 14

Nəqarat: Ya Rəbb, bizə gəlib xeyir-dua ver!

Yer üzünün qayğısına qalıb su verirsən, onu çox, məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, torpağı taxıl üçün hazır edirsən.

Torpağın şırımlarını sulayırsan, aralarını bərkidirsən, gur yağışla torpağını yumşaldırsan, məhsuluna bərəkət verirsən.

İlə gözəllik çələngini geyindirirsən, izlərindən bolluq axır, çölə-çəmənə tökülür, təpələr şənliyə bürünür.

Çəmənlərin sürülərlə dolur, dərələrini taxıl bürüyür. Onlar cuşa gəlib tərənnüm söyləyir!


Rom 8, 18-23

Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz. Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir. Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki, yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq. Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir. Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin azad olmasını gözləyərək içimizdə inildəyirik.

Mt 13, 1-23

O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu. İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Qulaq asın, bir əkinçi toxum səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdilər. Lakin günəş doğanda soldu və kökü olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi. Qulağı olan eşitsin!»

Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?» O isə onlara belə cavab verdi: «Səmavi Səltənətin sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, gördükləri halda görməsinlər, eşitdikləri halda eşitməsinlər və anlamasınlar. Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız. Baxdıqca baxacaqsınız, amma qanmayacaqsınız. Çünki bu xalqın ürəyi kütləşdi, qulaqları kar oldu, gözlərini yumdular ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim”. Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görürlər və qulaqlarınız nə bəxtiyardır, çünki eşidirlər! Sizə doğrusunu deyirəm, bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər.

İndi əkinçi barədə məsəlin izahını dinləyin: kim Səmavi Səltənətlə bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. Daş-kəsəkli yerə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əzab və təqibə məruz qalan kimi yıxılır. Tikanlar arasında səpilən odur ki, kəlamı eşidir, lakin dünyanın qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. Münbit torpağa səpilənlər odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, bar gətirir, bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat bar verir».

Comments are closed.