17-ci Rəbb günü Adi dövrdə “A”ili

1-ci Padşahlar kitabından sözlər (1 Pad. 3, 5-12) 

Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, bütün ürəyi ilə səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona öz böyük xeyirxahlığını saxladın. İndi, ya Rəbb Allahım, öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?» 

Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi. Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq.

Z 119, 57+72. 76-77. 127-130

Nəqarat: Rəbbim, sən nə istəyirsənsə, mən də onu istəyirəm.

Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm. Ağzından çıxan qanun mənim üçün minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.

Quluna verdiyin kəlama görə Məhəbbətin mənə təsəlli versin. Mənə mərhəmət et ki, yaşayım, çünki qanunundan zövq alıram.

Qızıldan, saf qızıldan çox Sənin əmrlərini sevirəm. Bəli, bütün qayda-qanunlarına görə mən düz yolla gedirəm, bütün səhv yollarasa nifrət edirəm.

Öyüdlərinin heyrətamizliyinə görə onlara ürəkdən əməl edirəm. Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır.

Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 8, 28-30)

Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun; əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi.

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 13, 44-52)

Səmavi Səltənət tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi və sevinclə gedib bütün varını satıb o tarlanı satın aldı. Yenə Səmavi Səltənət gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün var-yoxunu satıb onu satın aldı.

Yenə Səmavi Səltənət dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşıları qablara yığdılar, pisləri isə kənara atdılar. Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Sonra onları soba alovuna atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq».

İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər. O da onlara dedi: «Ona görə də Səmavi Səltənət üçün öyrədilmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».

Comments are closed.