İsa Məsihin nurlu görünüşü Bayramı

Danielin kitabından sözlər (Daniel 7, 9-10. 13-14) 

Məsihin başçılığı.

Nəhayət, mən gördüm ki, Taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, saçları yun kimi ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi. Önündən odlu çay çıxıb axırdı. Minlərlə nəfər Ona xidmət edir, on minlərlə nəfər Onun hüzurunda durmuşdu. 

Məhkəmə iclası başlandı və kitablar açıldı. Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq. 

 

Məzmur (97(96) 1-2. 5-6, 9)

Rəbb, bizim padşahımızdır, bütün dünyaya hökm edər.

Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, qoy bütün adalar sevinsin.

Buludlar və zülmət Onun ətrafındadır, salehliklə ədalət taxtının təməlidir.

Dağlar Rəbbin hüzurunda – bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər.

Göylər salehliyini bəyan edər, Əzəmətini bütün xalqlar görər.

Çünki bütün yer üzərində, ya Rəbb, Haqq-Taala Sənsən!

Bütün allahların üzərində Sən nə qədər yüksəksən!

Müqəddəs Peterin 2-ci məktubundan sözlər (2Pt 1, 16-19)

Məsihin nurlu görünüşü Həvarilərin imanını gücləndirdi.

Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq. Çünki böyük ehtişamı Olandan Ona belə bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». O vaxt Ata Allahdan izzət və şərəf qəbul etdi. Müqəddəs dağda Onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik. Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz.

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 17, 1-9)

İsa Məsih Həvarilərinə ilahi nurla göründü.

Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər. Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin».

Comments are closed.