19-cu Rəbb günü Adi dövrdə “A”ili

1-ci Padşahlar kitabından sözlər (1 Pad. 19, 9a. 11-13a) 

İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona «İlyas, burada nə edirsən?» deyə Rəbbin sözü nazil oldu. O dedi: «Çıx, dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək». Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə deyildi. Zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi. İlyas bunu eşidəndə üzünü cübbəsi ilə örtdü və çıxıb mağaranın ağzında dayandı. 

Z 85, 8-13

Nəqarat: Rəbbim, bizə mərhəmətini göstər və bizi sülhə qovuşdur.

Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər. Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!

Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək. Həqiqət yerdə bitib göyərəcək, ədalət göylərdən baxacaq.

Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, torpağımız bol məhsul verəcək. Ədalət Rəbbin önündə addımlayar, qədəmləri üçün cığır salar.

Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 9, 1-5)

Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, Müqəddəs Ruhun hökmündə olan vicdanım dediklərimi təsdiq edir ki, ürəyimdə böyük bir kədər, daimi bir iztirab var. Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim; bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur. Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin.

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 14, 22-33)

İsa dərhal şagirdləri tələsdirdi ki, camaatı evlərinə göndərənə qədər qayığa minib Ondan əvvəl o biri sahilə keçsinlər. İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi. Qayıq isə artıq qurudan çox stadi uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi. Gecənin dördüncü növbəsi İsa gölün üzərində yeriyərək onların yanına gəldi. Şagirdlər isə İsanın göl üzərində yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək çaşdılar və qorxudan qışqırdılar. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın». Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, suların üzərində Sənin yanına gəlməyimi əmr et». İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suyun üstü ilə yeridi və İsaya tərəf getdi. Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?» Onlar qayığa mindikləri zaman külək sakitləşdi. Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar.

Comments are closed.