20-ci Rəbb günü Adi dövrdə “A”ili

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 56, 1. 6-7) 

Rəbb belə deyir: «Ədaləti qoruyun, salehliyə əməl edin. Çünki xilasım yaxındadır, Salehliyim tezliklə aşkar olunacaq. Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan, əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri Müqəddəs dağıma gətirib dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri yandırma qurbanları, bütün qurbanlar qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün dua evi adlandırılacaq». 

Z 67, 1-2. 3-4. 7

Nəqarat: Bütün xalqlar Allahı mədh edin!

Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. Qoy yer üzündə Sənin yolun, bütün millətlər arasında qurtuluşun tanınsın.

Ey Allah, Sənə xalqlar şükür etsin, qoy Sənə bütün xalqlar şükür etsin. Çünki xalqlara insafla hökm edirsən, yer üzündəki ümmətlərə yol göstərirsən.

Ey Allah, Sənə xalqlar şükür etsin, qoy Sənə bütün xalqlar şükür etsin. Allah bizə xeyir-dua verib. Qoy dünyanın ucqarları Ondan qorxsun!

Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 11, 13-15. 29-32)

Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim. Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi? Çünki Allahın ənamları və dəvəti geri alınmaz. Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız; eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar. Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 15, 21-28)

İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi. Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulmuşdur» deyə çığırırdı. İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar. Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm». Qadın isə yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».

Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.

Comments are closed.