21-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 22, 19-23 

Xudavənd saray rəisi Şevnaya belə dedi: Səni vəzifəndən Mən devirəcəyəm, tutduğun yerindən qovacağam. O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb sənin geyimini ona geyindirəcəyəm, sənin qurşağını onun belinə bağlayacağam, səlahiyyətini onun ixtiyarına verəcəyəm. Bu adam Yerusəlim sakinlərinə, Yəhuda xalqına ata olacaq. Davud nəslinin açarını onun çiynindən asacağam, açdığını heç kim bağlaya bilməyəcək, bağladığını heç kim aça bilməyəcək. Mən onu paya kimi bərk yerə vuracağam. O, nəsli üçün fəxr olacaq. 

 

Z 138, 1-2a. 2bc+3. 6+8bc

Nəqarat: Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə!

Bütün qəlbimlə Sənə şükür edirəm, «Allahlar»ın önündə Səni tərənnüm edirəm. Müqəddəs məbədinə tərəf səcdə edirəm.

 

Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan. Səni çağıranda mənə cavab vermisən, canıma taqət verib məni ürəkləndirmisən.

 

Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, amma lovğaları uzaqdan tanıyar. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə!

Rom 11, 33-36

Allahın zənginliyi nə böyük, hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, yolları necə də anlaşılmazdır! «Rəbbin düşüncəsini kim anladı? Ya kim Ona məsləhətçi oldu?» «Kim Ona bir şey verdi ki, Əvəzini Ondan istəyə bilsin?» Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün mövcuddur. Ona əbədi olaraq izzət olsun! Amin.

 

Mt 16, 13-20

İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?» Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir». İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Şimon Peter cavab verdi: «Sən Var olan Allahın Oğlu Məsihsən». İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır. Mən sənə deyirəm ki, sən Petersən (Petros sözü olub daş deməkdir) və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Səmavi Səltənətin açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olur və yer üzündə açacağın hər şey göylərdə açılmış olur». Bu sözlərdən sonra İsa şagirdlərə ciddi tapşırdı ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar.

Comments are closed.