22-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeremya 20, 7-9 

Ya Rəbb, Sən məni aldatdın, mən də aldandım. Sən məndən güclüsən, Sən mənə üstün gəldin. Bütün gün mənə gülürlər, hər kəs mənimlə əylənir. Çünki mən danışmağa başlayan kimi fəryad edib «Zorakılıq və talan!» deyə qışqırıram. Rəbbin sözündən ötrü mən bütün gün rüsvay oldum, təhqir edildim. Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, artıq bunu edə bilmirəm. 

Z 63, 2. 3-4. 5-6. 8-9

Nəqarat: Ey Allah, Sənsiz könlüm susuzdur.

Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm.

Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur.

Bütün varlığımla həsrətini çəkirəm.

Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm.

Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.

 

Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.

Sanki yağlı yeməklə canım tox olacaq, dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.

Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.

Könlüm Sənə bağlanır, Sağ əlin məni möhkəm tutur.

Rom 12, 1-2

Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir. Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.

 

Mt 16, 21-27

Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən». Sonra İsa şagirdlərinə dedi: «Kim Mənim ardımca gəlmək istəyirsə, özünü inkar etsin və çarmıxını götürüb ardımca gəlsin. Canını qurtarmaq istəyən onu itirəcək. Mənə görə canını itirən isə canını əldə edəcək.

İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər? Çünki Bəşər Oğlu Atasının izzəti içərisində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək.

Comments are closed.