23-cü Rəbb günü Adi dövrdə “A”ili

Yez 33, 7-9 

Sən ey bəşər oğlu, səni İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü Mənim ağzımdan eşidib Mənim tərəfimdən onlara xəbərdarlıq edəcəksən. Pis adama Mən “ey pis adam, mütləq öləcəksən” deyəndə sən ona öz yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə görə öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam. Əgər sən pis adama öz yolundan dönmək üçün xəbərdarlıq etsən, amma o öz yolundan dönməsə, öz təqsirinə görə öləcək, sənsə canını qurtarmış olursan. 

 

Z 95, 1-2. 6-7. 8-9

Nəqarat: Ya Rəbb, qoy Sənin sözlərinə qulaq asaq.

 

Gəlin Rəbbi mədh edək, bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək, şükür edərək hüzuruna gedək, cuşa gəlib ilahilərlə Ona nida edək!

 

Gəlin Ona səcdə edək, əyilək, bizi yaradan Rəbbin hüzurunda diz çökək. Çünki O, Allahımızdır, biz Onun otlağının xalqıyıq, əlinin altındakı sürüsüyük.

 

Kaş ki bu gün dediyini eşidəydiniz: «Qoy ürəkləriniz Merivada olduğunuz kimi, səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın. Orada atalarınız Məni sınadılar, əməllərimi görsələr də, Məni yoxladılar.

Rom 13, 8-10

Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanuna əməl etmiş olur. Belə ki «Zina etmə! Qətl etmə! Oğurluq etmə! Tamah salma! Yalandan şahidlik etmə! və bunlardan başqa nə əmr varsa, bu Kəlamla yekunlaşdırmaq olar: «Qonşunu özün kimi sev». Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır.

 

Mt 18, 15-20

Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandın. Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər götür. Beləliklə, hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin. Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et. Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olur və yer üzündə açacağınız hər şey göydə açılmış olur. Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək. Harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam.

Comments are closed.