24-cü Rəbb günü Adi dövrdə A ili

Siraq kitabından sözlər (Siraq 27, 30; 28, 1-8) 

Kin və qəzəb, bunlar pis şeydir, hər ikisi də günahkar insanda olur. Qisas alan insandan Allah da qisas alacaq; Rəbb onun günahlarının hesabını ciddi şəkildə tutacaq. Sənə qarşı haqsızlıq etmiş olanı bağışlayırsan, sənin günahlarında dua etdiyin zaman bağışlanacaq. Bir insan başqasına qarşı kin bəsləyərsə, Allah tərəfindən bağışlanmağı necə istəyə bilər? Öz həmkarına yazığı gəlmirsə özü günahlarının bağışlanması üçün necə yalvara bilər? 

Ölümlü bir canlı ikən o, qisas almağı güdürsə, onun günahlarını kim bağışlayacaqdır? Həyatın sonunu xatırla və kin bəsləməkdən əl çək, hər şeyin sona çatacağını və ölümü düşün. Əmrləri yerinə yetir. Əmrləri xatırla və yaxınlarına kin bəsləmə. Uca Allahın  “Əhdini” xatırla və yaxınının günahını unut.

Bu Allahın Kəlamıdır. * M: Allaha şükürlər olsun.

Zəbur 103, 1-5. 9-12

Nəqarat: Rəbbə alqış et, ey könlüm,
Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!

Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları:
Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən.

Odur həyatını məzara düşməkdən qurtaran,
Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
Odur ömür boyu səni bərəkəti ilə doyduran,
Səni təzələyib gənc, gümrah qartala oxşadan.

Həmişə töhmətləndirməz, qəzəbi sonsuza qədər sürməz.
Bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz.

Çünki göylər yerdən nə qədər ucadırsa,
Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.
Nə qədər şərq qərbdən uzaqdırsa,
Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.

Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 14, 7-9)

Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük. Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq. Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun.

Bu Allahın Kəlamıdır. * M: Allaha şükürlər olsun.

Alleluya!

İsa Məsih belə deyir: “Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.” (Yəh 13, 34)

Alleluya!

Mt 18, 21-35

K: Rəbb sizinlə olsun. * M: Və sənin ruhunla.
K: Müqəddəs Mattanın Müjdəsindən İsa Məsihin sözləri. *
M: Şan-şərəf Rəbbindir.

O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?»
İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.

Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin. Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”.
Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı.

Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı. O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı. Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər.

Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».

K: Bu Rəbbin Kəlamıdır. * M: Rəbb İsa Məsih, Sənə həmd olsun.

Comments are closed.