25-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 55, 6-9 

Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Ona yalvarın. Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, çünki Onun əfvi boldur. «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir. «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir. 

Z 145, 2-3. 8-9. 17-18

Nəqarat: Rəbb Onu çağıran bütün insanlara yaxındır.

Sənə hər gün alqış edəcəyəm, İsminə əbədilik həmd edəcəyəm.

Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz.

Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir.

Rəbb hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər.

Rəbb bütün yollarında adildir, hər işində sadiqdir.

Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.


Flp 1, 20c-24. 27a

Qardaşlarım, yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm. Çünki mənim üçün yaşamaq Məsihdir, ölmək isə qazancdır. Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm. Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu daha yaxşıdır. Amma sağ qalmağım sizin üçün daha lazımlıdır. Ancaq həyat tərziniz Məsihin müjdəsinə layiq olsun.

Mt 20, 1-16

Səmavi Səltənət səhər erkən durub, öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi. Üçüncü saat radələrində çıxaraq meydanda işsiz durmuş adamları gördü. Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”. Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxdı və yenə belə etdi. On birinci saat radələrində çıxıb, duran başqalarını tapdı və onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?”

Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi.

Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”.

On birinci saat radələrindəə gələnlər adambaşına bir dinar aldılar. Birinci gələnlər isə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər:

Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün yükünü və istiliyini çəkən bizlərlə bir tutdun”.

O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. Öz pulumla istədiyimi etməyə haqqım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?”

Beləcə də axırıncılar birinci və birincilər isə axırıncı olacaq».

Comments are closed.