26-cı Rəbb günü Adi dövrdə “A”ili

Yez 18, 25-28 

Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək. Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar. Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq. 

 

Z 25, 4-5. 6-7. 8-9

Nəqarat: Ya Rəbb, məhəbbətini yada sal.

 

Ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət. Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, daim Səni gözləyirəm.

 

Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal. Gənclikdə günahkar, asi oldum, bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal.

 

Rəbb xeyirxah və haqdır, ona görə günahkara düz yol göstərir, məzlumları haqq yolu ilə aparır, Öz yolunu onlara öyrədir.

Flp 2, 1-11

Beləliklə, Məsihə məxsus olduğunuza görə ürəklənib, məhəbbətindən təsəlli alıb, Ruha şərik olub şəfqət və mərhəmətə malik olduğunuza görə həmfikir olmağınızla sevincimi dolğunlaşdırın. Bir-birinizə məhəbbət göstərin, canbir və həmrəy olun. Heç bir işi xudbinliklə və ya şöhrətpərəstliklə etməyin. Qoy hər biriniz təvazökarlıqla digərini özündən üstün saysınyalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. Məsih İsa necə düşündü, siz də elə düşünün. Allah surətində olduğu halda O, Allahla bərabərliyi istifadə edəcəyi bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıxa çəkilərək ölümə qədər itaətkarlıq göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona bütün adlardan alı bir adı bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti naminə İsa Məsihin Rəbb olduğunu bəyan etsin.

Mt 21, 28-32

Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get üzüm bağımda işlə” dedi. O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi. Adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi. Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm ki, vergiyığanlar və fahişələr Allahın Səltənətinə sizdən qabaq girirlər. Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Siz isə ona inanmadınız, amma vergiyığanlar və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona inanmadınız.

Comments are closed.