27-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 5, 1-7 

Sevgilimin üzüm bağı barəsində Məhəbbət nəğməsini oxuyuram: Torpağın məhsuldar bir təpəsində sevgilimin bir üzüm bağı var idi. O, torpağı belləyib daşları kənara atdı, seçmə meynələr əkdi, ortada gözətçi qülləsi tikdi, üzümsıxan düzəltdi, üzümlüyün barını gözlədi, amma bağ cır üzüm gətirdi. «İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar, ey Yəhuda adamları, mənimlə üzüm bağımın arasında hakim olun! Bağım üçün daha nə etməliyəm? 

Üzümlüyün barını gözləyərkən axı nə üçün bağım cır üzüm gətirsin? İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim: Çəpərini sökəcəyəm və meynələrini heyvanlar yeyib-qurtaracaq, hasarını yıxacağam və onlar tapdalanacaq. Oranı viranəliyə çevirəcəyəm, oranı nə budayacaqlar, nə də belləyəcəklər. Orada tikan və qanqal bitəcək, buludlara əmr edəcəyəm ki, üzərinə yağış yağmasın». İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır, Yəhuda adamları isə Onun sevimli meynələridir! O, ədalət gözləyirdi, budur, zorakılıq gördü, o, salehlik gözləyirdi, budur, fəryadlar gördü!

 

Z 80, 8+11, 12-13, 14-15, 19-20

Nəqarat: Rəbbin üzüm bağı Onun xalqıdır.

Misirdən tənək fidanı gətirərək qovduğun millətlərin torpağında əkdin. Dənizə qədər qol-budaq atdı, zoğ atıb Fərat çayına çatdı.

Bəs niyə ətrafdakı hasarını uçurdun? Budur, yoldan keçən hər kəs məhsullarını qoparır, tənəyi meşənin qabanları korlayır, onu çöl heyvanları çeynəyir.

Ey Ordular Allahı, dön, göydən bax, bu tənəyi gör, qayğısına qal. Axı bu fidanı sağ əlinlə əkmisən, kökünə qüvvət vermisən.

Qoy Səndən dönüb ayrılmayaq, bizi elə yaşat ki, ismini çağıraq. Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!

Flp 4, 6-9

Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq. Nəhayət, qardaşlar, doğru, ehtiramlı, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq bir şey varsa, bunları düşünün. Məndən öyrəndiyiniz, qəbul etdiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa, bunları həyata keçirin. Onda sülh qaynağı olan Allah sizinlə olacaq.

 

Mt 21, 33-43

Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi. Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq elədilər. Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər. “Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi. Bağbanlar isə onun oğlunu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”. Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər. Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?»

Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli bir ölümə məhkum edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər».

İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda heç oxumamısınızmı? “Bənnaların rədd etdikləri daş guşədaşı olub. Bu, Rəbbin işi idi, gözümüzdə xariqəli bir işdir”. Buna görə sizə deyirəm ki, Allahın Səltənəti sizdən alınıb, onun məhsullarını yetişdirəcək bir xalqa veriləcək.

Comments are closed.