28-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 25, 6-10a 

Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq. Bu dağda bütün xalqların üzərindəki duvağı, bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək. Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Rəbb belə söylədi. O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə sevinib şadlanaq!» Rəbbin əli bu dağın üstündə olacaq. 

Z 23, 1-3. 4. 5. 6

Nəqarat: Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!

Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolu ilə aparır.

Qaranlıq dərədə gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.

Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan, başıma ətirli yağ çəkirsən, ağzınadək camımı doldurursan.

Bəli, bütün həyatım boyu yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!

Flp 4, 12-14. 19-20

Mən yoxsulluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm. Mənə güc verən Məsihin köməyi ilə hər işin öhdəsindən gələ bilirəm. Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz. Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada Öz izzətli zənginliyinə görə ödəyəcək. Qoy Atamız Allaha əbədi izzət olsun! Amin.

Mt 22, 1-14

İsa yenə onlara məsəllərlə xitab edərək dedi: «Səmavi Səltənət oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi. O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər. Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı. Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil. Beləliklə, dörd yolayrıcına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”. Həmin qullar yollara çıxdılar. Pis, yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu. Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü, ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu. O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq. Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır”».

Comments are closed.