29-cu Rəbb günü Adi dövrdə “A” ili

Yeşaya 45, 1. 4-6

29 sun1

Rəbb məsh etdiyi adama – sağ əlindən tutduğu Kirə belə deyir: «Onun önündə millətlərə baş əydirəcəyəm, padşahları qüvvətindən məhrum edəcəyəm, önündə qapıları açacağam, darvazalar qarşısında bir daha bağlanmayacaq. Qulum Yaqub nəsli, seçdiyim İsrail naminə səni adınla çağırıb hörmət göstərdim, halbuki sən məni tanımırdın. Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, halbuki Məni tanımırdın. Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki, Məndən savayı heç kim yoxdur, Rəbb Mənəm, başqası yoxdur. 

Z 96, 1+3. 4-5. 7-8. 9-10ac

Nəqarat: Ehtişamı, qüdrəti Rəbbə verək!

Rəbbə yeni bir ilahi oxuyun, ey bütün dünya, Rəbbə ilahi oxuyun,

Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!

Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O, bütün allahlardan daha zəhmlidir.

Bütün özgə xalqların allahları bütlərdir, lakin göyləri yaradan Rəbdir.

Ey xalqların tayfaları, Rəbbə verin – ehtişamı, qüdrəti Rəbbə verin,

Adına layiq ehtişamı Rəbbə verin, həyətinə girib təqdimlər verin.

Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!

Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, insafla xalqların hökmünü verəcək».

1 Sal 1, 1-5b

Paul, Sila və Timoteydən Ata Allaha və Rəbb İsa Məsihə aid olan Salonikililərin cəmiyyətinə salam! Sizə lütf və sülh olsun!

Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümünüzü Atamız Allahın qarşısında daim yada salırıq. Ey Allahın sevimlisi olan qardaşlar, Onun seçimi olduğunuzu bilirik. Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb.

Mt 22, 15-21 

O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar. Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən düz adamsan, Allahın yolunu düz öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan. İndi bizə de görək, Səncə Qanuna görə qeysərə vergi vermək düzgündür ya yox?» Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz? Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər. İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» Onlar dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».

Comments are closed.