30-cu Rəbb günü Adi dövrdə “A”ili

Çıxış 22, 21-2

Rəbb deyir: Qərib adama nə haqsızlıq, nə də zülm etməyin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Heç bir dul qadına və yetimə əziyyət verməyin. Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm. Qəzəblənib sizi qılıncdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq. Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə sələm qoymayın. Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram. 

 

Z 18, 2-3a. 3b-4. 46+50ab

Nəqarat: Səni mədh edirəm Rəbbim, tək gücüm sənsən.

Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm. Rəbb qayam, qalam, xilaskarımdır.

Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.

Həmdə layiq Rəbbi çağıracağam, düşmənlərimin əlindən qurtulacağam.

Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın! Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.

1 Sal 1, 5c-10

Aranızda ikən sizə münasibətdə necə olduğumuzu bildiniz. Siz də böyük sıxıntılara baxmayaraq, Müqəddəs Ruhun verdiyi sevinclə kəlamı qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz. Beləliklə, siz Makedoniya və Axayyadakı bütün imanlılar üçün nümunə oldunuz. Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı. Çünki bizi nə qədər yaxşı qarşıladığınız və bütlərdən Allaha tərəf necə döndüyünüz barədə özləri xəbər yaydılar. Bax siz var olan həqiqi Allaha qulluq edirsiniz; Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləyirsiniz.

 

Mt 22, 34-40

Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar. Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. Bu, birinci və ən böyük əmrdir. Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. Bütün Qanun və peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».

Comments are closed.