31-ci Rəbb günü Adi dövrdə “A” ili

Peyğəmbər Məlakinin kitabından sözlər (Məlaki 1, 14.  2, 1-2. 8-10) 

Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir» deyir Ordular Rəbbi.

«İndi, ey kahinlər, bu əmr sizin üçündür». Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz. 

Ancaq siz yoldan azdınız və nəsihətinizlə çox adamı günaha çəkdiniz. Levi ilə bağladığım əhdi pozdunuz» deyir Ordular Rəbbi. «Siz Mənim yollarımla getmədiniz, qanunla bağlı məsələlərdə tərəfkeşlik etdiniz. Buna görə də Mən bütün xalqın önündə sizi alçaldıb xəcalətli hala saldım».

Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik?

Bu Allahın Kəlamıdır. * M: Allaha şükürlər olsun.

Məzmur 131, 1-3

Nəqarat: Allahım, ürəyimi sənin sakitliyində qoru. 

Ya Rəbb, təkəbbürlü deyiləm,
Gözümü yuxarı yerlərə dikməmişəm,
Gücüm çatmayan böyük işlərə girişməmişəm.
Ovunub səsimi kəsmişəm,

Ana qucağında olan körpə kimiyəm,
Sanki bir sakit körpəyə dönmüşəm.
Ey İsrail, Rəbbə ümidini bağla,
İndidən sonsuzadək ümidini Ona bağla!

Müqəddəs Pavelin Saloniklilərə 1-ci məktubundan sözlər (1Sal 2, 7-9. 13)

Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik. Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz.Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik.

Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır.

Bu Allahın Kəlamıdır. * M: Allaha şükürlər olsun.

Mt 23, 1-12

K: Rəbb sizinlə olsun. * M: Və sənin ruhunla.
K: Müqəddəs Mattanın Müjdəsindən İsa Məsihin sözləri. *
M: Şan-şərəf Rəbbindir.

Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər. Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər.
Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar. Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər.

Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var.
Siz hamınızsa qardaşsınız. Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır. Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir.Aranızda ən böyük olan xidmətçiniz olsun. Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.

K: Bu Rəbbin Kəlamıdır. * M: Rəbb İsa Məsih, Sənə həmd olsun.

Comments are closed.