32-ci Rəbb günü Adi dövrdə “A”ili

Müdriklik kitabından sözlər (Müdriklik 6, 12-16) 

Müdriklik par-par parıldayar və heç solmaz. Biliyi sevənlər onu asanca görürlər. Onu axtaranlar, onu tez tapar. Ondan ötrü darıxanlara Müdriklik özünü dərhal tanıdar. Kim erkən qalxıb onu axtarmağa gedərsə, yorulmaz. Onu qapısında oturmuş görər. Kim Müdriklik üçün oyaq qalsa, hüzura qovuşar. Müdriklik ona layiq olanları gəzib axtarar. Tapdıqda isə hər an gülər üzlə qarşılayar, bütün düşüncələrində onlara köməkçi olar. 

Z 63, 2-6

Nəqarat: Ey Allahım, ruhum sənə susayıb!

Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda bütün varlığımla həsrətini çəkirəm. 

Müqəddəs yerdə Səni seyr edirdim, qüdrətini, əzəmətini görürdüm. Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.

Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm. Sanki yağlı yeməklə canım tox olacaq, dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.

Yatanda belə, Səni xatırlayıram, gecə növbələrində Səni düşünürəm. Sən mənə kömək oldun, qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.

Müqəddəs Pavelin Saloniklilərə 1-ci kitabından sözlər (1Sal 4, 13-18)

Qardaşlar, gözlərini yumub həyatdan köçənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, digər ümidsiz adamlar kimi kədərlənməyəsiniz. Axı Isanin ölüb-dirilməsinə iman edirik. Eləcə də Isaya bağlanaraq gözlərini yumub həyatdan köçənləri Allah Onunla birgə qaytaracaq. Çünki Rəbbin kəlamına əsaslanaraq sizə deyirik ki, Rəbbin gəlişinədək sağ qalan bizlər gözlərini yumub həyatdan köçənlərdən əsla qabağa keçməyəcəyik. Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihə aid olan ölülər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində qaldırılacaq və beləcə daim Rəblə olacağıq. Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 25, 1-13)

O zaman Səmavi Səltənət çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək. Onlardan beşi ağıllı, beşi isə ağılsız idi. Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi. Ağıllılar isə çıraqları ilə birgə qablarda yağ da götürmüşdü. Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı. Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər. Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”. Ağıllılar isə cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı. O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər. O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. 

Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.

Comments are closed.