2-ci Rəbb günü Advent dövründə “B ili”

Yeş 40, 1-5. 9-11 

Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin! Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, təqsirlərinin əvəzinin verilməsi bütün günahlarına görə Rəbbin əlindən ikiqat cəza aldıqlarınıonlara bəyan edin». Bir nəfərin nida səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, çöldə Allahımızın keçəcəyi yerləri hamar edin. Hər dərə yüksəldiləcək, hər dağ və təpə aşağı endiriləcək, yoldakı əyriliklər düzələcək, kələ-kötür yerlər hamar ediləcək. Rəbbin əzəməti aşkar olunacaq, bütün bəşər bunu birlikdə görəcək». Bu sözlər Rəbbin ağzından çıxıb. Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, ucalt səsini, car çək, qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!» Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, mükafatı Onunladır, ənamı önündədir. O Öz sürüsünü çoban kimi otaracaq, quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, sağmal heyvanların qayğısını çəkib otaracaq. 

Z 85, 8ab-9. 10-11. 12-13

Nəqarat: Ya Rəbb, bizə məhəbbətini göstər, bizi xilas et.

Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər. Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!

Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək. Həqiqət yerdə bitib göyərəcək, ədalət göylərdən baxacaq.

Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, torpağımız bol məhsul verəcək. Ədalət Rəbbin önündə addımlayar, qədəmləri üçün cığır salar.

2 Pt 3, 8-14

Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün min il kimidir, min il isə bir gün kimidir. Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbr edir. Çünki O, heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir. Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq. Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, Allahın yolunu izləməlisiniz. Allahın gələcəyi günü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcəklər. Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. Buna görə, sevimlilər, madam ki, bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh və əmin-amanlıq içində yaşamağa səy göstərin.

Mk 1, 1-8

Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı. Yeşaya peyğəmbərin kitabında belə yazılmışdır: “Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin yolunu hazırlayacaq. Səhrada bir nəfərin nida səsi gəlir: „Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri hamar edin”. Yazıldığı kimi vəftiz edən Yəhya səhrada meydana çıxdı. O, insanları öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmağa çağırırdı. Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlir, günahlarını etiraf edir və onun tərəfindən İordan çayında vəftiz olunurdular. Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi. O bəyan edirdi: “Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək”.

Comments are closed.