3-cü Rəbb günü Advent dövründə “B ili”

Yeş 61, 1-2a. 10-11 

Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbləri sınıq olanların yaralarını sarımaq üçün, əsirlərə azadlıq, dustaqlara sərbəstlik elan etmək üçün, Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, yaslıların hamısına təsəlli vermək üçün, Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, çünki çələnglə bəzənmiş bəy kimi, bər-bəzək taxmış gəlin kimi mənə qurtuluş geyimi geyindirdi, salehlik libası ilə bürüdü. Torpaq zoğlarını necə cücərdirsə, bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında Salehliyi və həmdi belə yetişdirəcək. 

Lk 1, 46b-48. 49-50. 53-54

Nəqarat: Ruhum Xilaskarım Allaha görə sevincdən cuşa gəlir.

Qəlbim Rəbbi ucaldır, ruhum Xilaskarım Allaha görə sevincdən cuşa gəlir,

çünki O Öz qulunun yazıq halını gördü.

Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,

çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir!

Onun mərhəməti isə nəsildən-nəslə Ondan qorxanlaradır.

Acları nemətlərlə doydurdu, varlıları isə əliboş yola saldı.

Atalarımıza İbrahimə və onun nəslinə Əbədi vəd etdiyi kimi

Rəbb Öz mərhəmətini yada salaraq qulu İsrailin imdadına çatdı”.

1 Sal 5, 16-24

Həmişə sevinin. Durmadan dua edin. Hər vəziyyətdə şükür edin, çünki bu, Məsih Isaya aid olan sizlər üçün Allahın iradəsidir. Ruhu söndürməyin. Peyğəmbərlik sözlərinə xor baxmayın. Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun. Hər cür şərdən uzaq durun. Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə müqəddəs etsin və Rəbbimiz Isa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. Sizi çağıran Allah sadiqdir və bunu edəcək.

Yəh 1, 6-8. 19-28

Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. Yəhudi başçıları Yəhyadan kim olduğunu soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: o, düzünü danışıb inkar etmədi və «mən Məsih deyiləm» deyə açıq bildirdi. Onlar Yəhyadan soruşdu: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?», Yəhya «xeyr» söylədi. Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu hazırlayın” deyə səhrada gələn nida səsiyəm». Göndərilən bəzi fariseylər Yəhyadan soruşdu: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm. Aranızda tanımadığınız bir Nəfər dayanıb. O məndən sonra gəlir. Mən heç Onun çarığının bağını açmağa da layiq deyiləm». Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi.

Comments are closed.