Milad bayramı (gündüz)

https://i.pinimg.com/736x/21/12/1e/21121e5e31a62007db4a862c06b0f18d--christmas-nativity-scene-christmas-jesus.jpg

Yeş 52, 7-10

Sülh xəbəri gətirən, dağları aşıb-gələn Müjdəçinin ayaqları necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir.

Qulaq asın! Keşikçilər səslərini ucaldır, birlikdə mədh oxuyur, çünki Rəbbin Siona qayıdışını öz gözləri ilə görür. Ey Yerusəlim xarabalıqları, şənlik edin, birlikdə mədh oxuyun, çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı. Rəbb bütün millətlərin gözləri önündə müqəddəs qolunu çırmaladı, dünyanın bütün ucqar yerləri Allahımızın gətirdiyi xilası görəcək.

Z 98, 1. 2-3b. 3c-4. 5-6

Nəqarat: Yer üzünün hər tərəfi Allahımızın zəfərini gördü.

Rəbbə yeni bir ilahi oxuyun, çünki O, xariqələr yaratdı.

O, sağ əli ilə, öz müqəddəs qolu ilə zəfərlər qazandı.

Rəbb zəfərini bəyan etdi, millətlərin gözündə salehliyini aydın göstərdi.

İsrail nəslinə göstərdiyi məhəbbətini və sədaqətini xatırladı.

Yer üzünün hər tərəfi Allahımızın zəfərini gördü.

Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!

Rəbbi lira ilə, ilahi bir səslə tərənnüm edin! Kərənay, şeypur səsi ilə,

padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin!

İbrani 1, 1-6

Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. Amma bu axır zamanda O bizə Oğlu vasitəsilə müraciət etdi. Onu hər şeyin varisi təyin etmişdi və vasitəsilə kainatı yaratmışdı. Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli Kəlamı ilə saxlayır. O günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu. Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu. Axı Allah mələklərin hansına nə vaxtsa «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum», yaxud «Mən Ona Ata, O isə Mənə Oğul olacaq» demişdir? Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir: «Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».

Yəh 1, 1-18

Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu anlamadı.

Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.

Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq səlahiyyətini verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.

Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl mövcud idi” deyib haqqında danışdığım Adam budur». Hamımız Onun dolğunluğundan lütf üstünə lütf aldıq. Musa vasitəsilə Qanun verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağındakı Özü Allah olan vahid Oğul Onu tanıtdı.

Comments are closed.