Müqəddəs Ailə Bayramı “B” ili

Gn 15, 1-6; 21, 1-3 

Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq».

İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq».

Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı. 

Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi: Sara hamilə oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu. İbrahim Saradan doğulan oğluna İshaq adını qoydu.

Z 105, 1b-2. 3-4. 5-6. 8-9

Nəqarat : Allahımız Rəbb Odur, and içərək verdiyi vədini unutmaz.

Rəbbə şükür edin, ismini səsləyin, əməllərini xalqlar arasında elan edin!

Onu ilahilərlə tərənnüm edin, bütün xariqələrini bəyan edin!

Onun müqəddəs adı ilə fəxr edin, ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!

Rəbbi, Onun qüvvətini arayın, daim hüzurunu axtarın.

Etdiyi xariqələri, möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,

ey Onun qulu İbrahim nəsli, ey Yaqub övladları, ey Onun seçdikləri!

Allahımız Rəbb Odur, Hökmü bütün yer üzərindədir.

əbədi olaraq – min nəslə qədər əhdini, əmr etdiyi sözü,

İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz.

İbr 11, 8. 11-12. 17-19

İman vasitəsilə İbrahim çağırılanda itaətkar olub irs alacağı yerə getdi. O hara getdiyini bilməyərək yola çıxdı. İman vasitəsilə Sara özü sonsuz və yaşı ötmüş olduğu halda nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı. Buna görə də bir kişidən, hələ üstəlik ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törəndi. İman vasitəsilə İbrahim sınağa çəkildiyi vaxt İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi. O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazı mənada İshaqı ölümdən geri aldı.

Lk 2, 22-40

Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər, necə ki Rəbbin Qanununda yazılmışdır: “Bətndən ilk doğulan bütün oğlanlar Rəbbə təqdis olmalıdır”. Həmçinin onlar qurban təqdim etdi, necə ki Rəbbin Qanununda əmr olunmuşdur: “İki qumru quşu yaxud iki göyərçin balası”.

O vaxt Yerusəlimdə Şimon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi. Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək. Beləliklə, Şimon Ruhdan ilham alıb məbədə gəldi. Körpənin ata-anası Qanunda yazıldığına əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə Şimon Körpəni qucağına götürdü və Allaha həmd edərək belə dedi: “Ey Pərvərdigar, indi Sənin sözünə görə mən – sənin qulun arxayın ölə bilərəm. Çünki bütün xalqların gözləri önündə hazırladığın xilasını, millətlərə aşkar edən nuru, xalqın İsrail üçün izzəti öz gözlərimlə gördüm”. Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi.

Şimon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: “Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı olacaq. O, Allahdan gələn bir əlamət kimi olacaq və insanlar Onu rədd edəcək. Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq”.

Orada Aşer qəbiləsindən olan Penuel qızı Anna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı. Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi.

Anna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin qurtuluşunu gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı.

Onlar Rəbbin Qanununa əsasən hər şeyi icra etdikdən sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı. Uşaq böyüyür, ruhda qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü isə Onun üzərində idi.

Comments are closed.