Məryəm Ananın bayramı

Siyahıyaalınma 6, 22-27 

Rəbb Musaya dedi: «Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin: “Qoy Rəbb sizə xeyir-dua verib sizi qorusun; Rəbb Öz nurlu üzünü sizə göstərərək lütf versin. Rəbb üzünü sizə tərəf çevirsin, sizə sülh versin”. Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm». 

Z 67, 2-3. 5. 6+8

Nəqarat: Lütf edib, ey Allah, bizə xeyir-dua ver.

Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın.

Qoy yer üzündə Sənin yolun, bütün millətlər arasında qurtuluşun tanınsın.

Qoy ümmətlər sevinclə Səni mədh etsin, çünki xalqlara insafla hökm edirsən, yer üzündəki ümmətlərə yol göstərirsən.

Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.

Allah bizə xeyir-dua verib. Qoy dünyanın ucqarları Ondan qorxsun!

Qal 4, 4-7

Lakin vaxt tamam olanda Allah qadından doğulmuş, Qanunun tabeçiliyi altında olan Öz Oğlunu göndərdi ki, Qanunun tabeçiliyi altında olanları azad etsin və biz oğulluğa nail olaq. Oğullar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. Buna görə də sən artıq qul deyil, oğulsan. Əgər oğulsansa, həmçinin Allahın təyin etdiyi varissən.

Lk 2, 16-21

Onlar tələsik getdi. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar. Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər. Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi. Məryəm isə bütün bu sözləri dərin düşünərək öz ürəyində saxlayırdı. Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdı. Çünki hər şey onlara söylədikləri kimi baş vermişdi.

Səkkizinci gün Körpənin sünnət etmə vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi.

Comments are closed.