EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 60, 1-6) 

Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək. Millətlər Sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, qızların qucaqda gətirilir. O vaxt bunu görüb üzün nur saçacaq, ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, millətlərin sərvəti sənə gələcək. Dəvə sürüləri, Midyan və Efa köşəkləri torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək. 

 

Məzmur (72, 1-2. 7-8. 10-13)

Nəqarat: Hamınız gəlin və Allaha səcdə edin.

Ey Allah, padşaha ədalət ver, Şah oğluna salehlik ver.

Qoy Sənin xalqına salehliklə, məzlumlara ədalətlə hakimlik etsin.

Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, göydə ay durduqca qoy firavanlıq artsın.

Dənizdən-dənizə qədər, Fəratdan yerin ucqarlarına qədər səltənət sürsün.

Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin. Qarşısında bütün padşahlar təzim etsin, qoy bütün millətlər ona xidmət etsin!

Çünki o, imdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri qurtarır.

Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir.


Müqəddəs Pavelin Efeslilərə məktubundan sözlər 
(Ef 3, 2-3. 5-6)

Eşitdiyiniz kimi Allah mənə lütf bəxş edib və bunu sizə çatdırmaq vəzifəsini mənə tapşırıb. Yuxarıda qısaca yazdığım kimi Allah sirr olan niyyətini mənə vəhy vasitəsilə bildirdi. Bu sirr əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndisə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır. Sirr budur ki, başqa millətlər də Müjdə vasitəsilə eyni irsin ortağı, eyni bədənin üzvü və Məsih İsada vədin şərikidirlər.

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 2, 1-12)

İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olan zaman müdrik adamlar şərqdən Yerusəlimə gəlib dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik».

Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təşvişə düşdü. Hirod bütün başçı kahinləri və xalqın ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulacağını soruşdu. «Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılmışdır: “Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda başçıları arasında ən kiçik deyilsən, çünki xalqım İsrailə çoban olan Başçı səndən çıxacaq”».

Buna görə Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü vaxtı tam olaraq öyrəndi. «Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi.

Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. Onlar ulduzu gördükləri vaxt çox sevindilər. Evə girib Körpəni anası Məryəmlə birlikdə görüb, yerə qapanaraq səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. Sonra röyada onlara Hirodun yanına qayıtmamaları bildirildiyinə görə başqa yolla öz ölkələrinə getdilər.

Comments are closed.