İsa Məsihin vəftizi bayramı “B ili”

Yeş 42, 1-4. 6-7 

Budur, Mənim saxladığım, ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq. Əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək, uzaq diyarlar onun qanununa etibar edəcək. «Mən Rəbb salehliyimlə səni çağırdım, səni əlindən tutacağam, səni qoruyacağam, səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki, korların gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəsən. 

Z 29, 1b+2. 3ac-4. 3b+9c-10

Nəqarat: Rəbb Öz xalqına bərəkət verir.

Ey ilahi varlıqlar, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin!

Adına layiq olan izzəti Rəbbə verin, Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!

Rəbbin səsi suların üzərindədir, Ehtişamlı Allah gurlar, Rəbb ümman suların üzərindədir.

Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir.

Rəbbin səsi şimşəkləri çaxdırar, məbədində hamı deyər: «Ehtişamlısan!»

Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub.

Həv İş 10, 34-38

Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah insanların şəxsiyyətinə baxmır. Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub haqq iş görür, Ona məqbuldur. O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə sülh müjdələdi. Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısına şəfa verdi. Çünki Allah Ona yar idi.

Mk 1, 7-11

O bəyan edirdi: “Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək”. O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu. İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü. Göylərdən bir səda gəldi: “Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam”.

Comments are closed.