2-ci Rəbb günü Adi dövrdə “B”ili

1 Şam 3, 3b-10. 19 https://i0.wp.com/www.catholicforlife.com/wp-content/uploads/2018/01/Behold-the-lamb..jpg?fit=527%2C640&ssl=1

Şamuel isə Rəbbin məbədində – Allahın sandığı olan yerdə uzanmışdı və Allahın çırağı hələ sönməmişdi.

Rəbb Şamueli çağırdı. O «buradayam» deyə cavab verdi.

Sonra da Elinin yanına qaçıb «məni çağırdın, mən buradayam» dedi. Amma Eli «mən çağırmamışam, get yat» deyə cavab verdi. Şamuel gedib yatdı. Rəbb «Şamuel!» deyə yenidən çağırdı. Şamuel yenə qalxıb Elinin yanına getdi və «Məni çağırdın? Mən buradayam!» dedi. Eli yenə də «mən çağırmadım oğlum, get yat» deyə cavab verdi.

Şamuel Rəbbi hələ tanımırdı və Rəbbin sözü ona açılmamışdı.

Rəbb üçüncü dəfə Şamueli çağırdı və Şamuel yenə qalxaraq Elinin yanına gedib dedi: «Bax buradayam, məni sən çağırdın». O anda Eli anladı ki, gənc Şamueli çağıran Rəbdir.

Buna görə də Şamuelə dedi: «Get uzan, yenə səni çağırarsa, belə deyərsən: “Danış, ya Rəbb, qulun Səni eşidir”». Şamuel gedib yerində yatdı.

Rəbb gəlib orada durdu və əvvəlki kimi «Şamuel! Şamuel!» deyə çağırdı. Şamuel dedi: «Danış, ya Rəbb, qulun Səni eşidir». Şamuel böyüdü. Rəbb onunla idi və Rəbb onun sözlərindən heç birini boşa çıxartmadı.

Z 40, 2+4ab. 7-8a. 8b-9. 10

Nəqarat: Ya Rəbb, gəlmişəm, Sənin istəyinə əməl etmək mənə zövq verir.

Rəbbi səbr edərək gözlədim, mənə tərəf dönərək fəryadımı eşitdi.

Dilimə yeni bir nəğmə verdi, ilahi ilə Allahımıza həmd etdim.

Qurbandan, təqdimdən xoşun gəlmədi, yandırma qurbanı, günah qurbanı tələb etmədin,

amma mənim qulağımı açdın. O zaman dedim: Budur, gəlmişəm.

Sənin tumarında məndən yazılıb.

Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, Qanunun qəlbimdədir.

Böyük toplantıda salehliyini car çəkdim, ya Rəbb,

Sən bilirsən ki, ağzımı yummadım.

1Kor 6, 13c-15a. 17-20

İnsan bədəni də əxlaqsızlıq üçün deyil, Rəbb üçündür. Rəbb də bədən üçündür. Rəbbi dirildən Allah Öz qüdrəti ilə bizi də dirildəcək. Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir? Rəblə birləşən isə Rəblə ruhən bir olur. Cinsi əxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı günah edir. Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.

Yəh 1, 35-42

Ertəsi gün yenə Yəhya şagirdlərinin ikisi ilə dayanmışdı. İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, (tərcüməsi “Müəllim” deməkdir) Sən harada qalırsan?» İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi (tərcüməsi “Məsh olunmuş” Xristos deməkdir) tapdıq» dedi. Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa (tərcüməsi “Peter”, yəni “daş” deməkdir) adlanacaqsan».

Comments are closed.