4-cü Rəbb günü Adi dövrdə “B”ili

Qanunun Təkrarı 18, 15-20 

Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın. Çünki Xorevdə yığıldığınız gün Allahınız Rəbdən bunu diləmişdiniz: “Qoy bir də Allahımız Rəbbin səsini eşitməyək və bir daha bu böyük alovu görməyək, yoxsa ölərik”. Onda Rəbb mənə dedi: “Dedikləri doğrudur. Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək. 

Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm. Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”.

Z 95, 1-2. 6-7. 8-9

Nəqarat: Ya Rəbb, qoy səsini eşidək və ürəklərimiz inadkar olmasın.

Gəlin Rəbbi mədh edək, bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək,

şükür edərək hüzuruna gedək, cuşa gəlib ilahilərlə Ona nida edək!


Gəlin Ona səcdə edək, əyilək,
bizi yaradan Rəbbin hüzurunda diz çökək.

Çünki O, Allahımızdır, biz Onun otlağının xalqıyıq, əlinin altındakı sürüsüyük.

Kaş ki bu gün dediyini eşidəydiniz: Qoy ürəkləriniz Merivada olduğunuz kimi,

səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.

Orada atalarınız Məni sınadılar, əməllərimi görsələr də, Məni yoxladılar.

1 Kor 7, 32-35

Sizin qayğısız olmanızı istəyirəm. Subay kişi Rəbbi necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır. Evli isə arvadını razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır və diqqəti yayınır. Ərsiz qadın yaxud qız da Rəbbin işlərinin qayğısına qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadın isə ərini razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır. Bunu azadlığınızı məhdudlaşdırmaq üçün yox, ancaq sizin xeyrinizə deyirəm ki, ədəblə davranıb fikirlərinizi dağıtmadan özünüzü Rəbbə həsr edəsiniz.

Mk 1, 21-28

Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətdi. Onun təliminə təəccüb etdilər, çünki O, ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı: “Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən!” İsa isə onu məzəmmət edib dedi: “Sus və bu adamdan çıx!” Natəmiz ruh bu adamı qıclaşdırıb bərkdən çığıraraq ondan çıxdı. Hamı mat qaldı və bir-birindən soruşdu: “Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da Ona itaət edirlər”. İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı.

Comments are closed.