5-ci Rəbb günü Adi dövrdə “B”ili

Əyyub 7, 1-4. 6-7 

İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi? Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir? Kölgəyə həsrət qalan kölə kimidir, muzdunu gözləyən fəhlə kimidir, bəli, irs olaraq mənə boş aylar verildi, qismətimə sıxıntılı gecələr düşdü. Yatanda düşünürəm: “Görəsən haçan qalxacağam?” Gecələr uzanır, mən gün doğana qədər yerimdə qurcalanıram. Günlərim toxucunun məkiyindən də sürətli gedir, ümidsiz sona çatır. Ey Allah, yada sal, həyatım bir nəfəsdir, gözüm yenidən yaxşılıq görməyəcək. 

Z 147, 1-2. 3-4. 5-6

Nəqarat: Rəbbə həmd edək! O, sınıq qəlblərə şəfa verir.

Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır!

O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur!

Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər.

O, sınıq qəlblərə şəfa verər, yaralarını sarıyar.

Ulduzların sayını hesablar, hər birini öz adı ilə çağırar.

Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!

Rəbb məzlumları ayağa qaldırar, pisləri isə toz-torpaq içinə atar.

1 Kor 9, 16-19. 22-23

Müjdəni yaymağ isə fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma! Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm. Bəs onda mükafatım nədir? Mükafatım budur ki, Müjdəni yayaraq müftə təbliğ edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarımdan tam istifadə etmirəm. Mən azadam və heç kəsə məxsus deyiləm, amma mümkün qədər çox insan əldə etmək üçün özümü hamıya qul etdim. Zəifləri əldə etmək üçün onlarla zəif kimi davrandım. Hər hansı bir yolla bəzilərini xilas etmək naminə hər kəs üçün hər şey oldum.

Bunun hamısını Müjdə uğrunda, onun bərəkətinə şərik olum deyə edirəm.

Mk 1, 29-39

Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər. Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər. O, xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı. Bu an qızdırma qadını tərk etdi və qadın qalxıb onlara qulluq etdi. Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər. Bütün şəhər əhalisi qapının yanına yığıldı. İsa müxtəlif xəstəliyə tutulmuş çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.

Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və tənha bir yerə gedib orada dua etdi. Şimon və onun yanındakılar İsanın ardınca getdilər. Onu tapanda dedilər: “Hamı Səni axtarır”. İsa onlara dedi: “Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün gəlmişəm”.

O, bütün Qalileya bölgəsini gəzib-dolaşaraq oradakı sinaqoqlarda vəz etdi və cinləri qovdu.

Comments are closed.